DÜNYA
“Spotify” təxminən 1500 əməkdaşını ixtisara salıb
Stokholm, 5 dekabr, Nərgiz Cəfərli, AZƏRTAC
İsveçin “Spotify” yayım şirkəti işçilərin ştat cədvəlini təxminən 1500 nəfər azaldır.
AZƏRTAC xəbər verir ki, “Spotify”in yaradıcısı və baş direktoru Daniel Ek əməkdaşlara ünvanlandığı məktubunda əməkdaşların 17 faizinin şirkəti tərk edəcəyini bildirir. Bu, bütün dünya üzrə təqribən 1500 işçi deməkdir. Daniel Ek bu addımı çox çətin addım adlandırır və zəkalı, bacarıqlı, işgüzar insanların şirkəti məcburən tərk etmələrindən təəssüfləndiyini vurğulayır.
“Spotify” üçüncü rüb ərzində gəlirinin 11 faiz artaraq, illik hesabda 3,4 milyard avroyadək və əməliyyat gəlirlərinin 32 milyon avroya çatdığını xəbər verir.
Yaxşı göstəricilərə baxmayaraq, ixtisar barədə qərar qəbul olunub.
Zərərçəkən əməkdaşlar görüşə çağırılıb, onlara əmək stajından asılı olaraq 5 aylıq orta əməkhaqqı həcmində təzminat təklif oluna bilər.