STATİSTİKA KOMİTƏSİNDƏ MƏTBUAT KONFRANSI
İyul ayının 1-nə ölkədə əhalinin sayının 8483.3 min nəfərə çatdığını söyləyən A.Vəliyev dedi ki, vətəndaşların 3924.8 min nəfərini iqtisadi fəal əhali təşkil etmişdir. Məşğulluq xidməti orqanları tərəfindən 55.4 min nəfərə işsiz statusu verilmişdir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsul istehsalının 36.3 faiz, yaxud müqayisəli qiymətlərlə 1.9 milyard manat (AZN) artaraq, 7.1 milyard manata çatdığını bildirən komitə sədri dedi ki, ÜDM-in 68.6 faizi məhsul istehsalı sahələrində, o cümlədən 56.1 faizi sənayedə, 8.9 faizi inşaat kompleksində, 3.6 faizi kənd təsərrüfatında yaradılmışdır. Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 24.1 faiz, o cümlədən nəqliyyatda 5.7 faiz, ticarət və ictimai iaşədə 7.0 faiz, rabitədə 2.1 faiz, sosial və qeyri-formal xidmətlərdə 9.3 faiz təşkil etmişdir. ÜDM-in 7.3 faizi məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Keçən ilin birinci yarısına nisbətən adambaşına düşən ümumi daxili məhsul istehsalı 34.7 faiz artaraq, 856.9 manat (943.9 ABŞ dolları) olmuşdur.
Nəqliyyat bölməsində altı ayda 67.3 milyon ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 9.2 faiz çox yük, 511.6 milyon nəfər və ya 5.4 faiz çox sərnişin daşındığı barədə məlumat verən natiq bildirdi ki, yüklərin 22.3 faizi dəmir yolu nəqliyyatı, 52.5 faizi avtomobil nəqliyyatı, 10.5 faizi dəniz nəqliyyatı, 14.6 faizi boru kəmərləri, sərnişinlərin 83.7 faizi avtomobil, 15.6 faizi metro ilə daşınmışdır.
A.Vəliyevin verdiyi məlumatda deyilir ki, rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 250.1 milyon manat dəyərində və ya ötən ilin eyni dövründəkindən 27.1 faiz çox rabitə xidməti göstərmişdir. Xidmətlərin 75.1 faizi bilavasitə əhali ilə bağlı olmuş və əldə edilmiş gəlirin 70.7 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Hazırda hər 100 ailədən 58-nin stasionar və hər 100 nəfərdən 31-nin mobil telefonu vardır. Yığım başlanandan tarlalardan 233.4 min ton kartof, 256.1 min ton tərəvəz, 62.0 min ton meyvə və giləmeyvə, 14.2 min ton bostan məhsulları, 96.9 ton tütün, 505.1 ton yaşıl çay yarpağı toplanmışdır. 2005-ci ilin müvafiq dövrü ilə müqayisədə kartof istehsalı 22.4 min ton və ya 10.6 faiz, tərəvəz istehsalı 32.7 min ton, yaxud 14.6 faiz artmış, bostan məhsulları istehsalı 10.8 min ton (43.3 faiz), meyvə və giləmeyvə istehsalı 5.5 min ton (8.1 faiz), tütün istehsalı 149.8 ton və ya 60.7 faiz, yaşıl çay yarpağı istehsalı isə 46.2 ton, yaxud 8.4 faiz azalmışdır.
Keçən ilin birinci yarısı ilə müqayisədə qaramalın sayı 2.4 faiz artaraq 2387.0 min başa, davarın sayı 1.9 faiz çoxalaraq 7827.2 min başa çatmışdır. Hesabat dövründə 1.8 faiz çox və ya diri çəkidə 128.5 min ton ət, 4.1 faiz çox, yaxud 657.0 min ton süd, 11.2 faiz az və ya 406.6 milyon ədəd yumurta, 1.2 faiz çox, yaxud 11.7 min ton yun istehsal edilmişdir.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.