Stokholmda Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı aksiya keçirilmişdir
Bakı, 27 fevral (AZƏRTAC). İsveçdəki Azərbaycan Federasiyasının təşkilatçılığı ilə Stokholmda Xocalı soyqırımının 20 illiyi ilə bağlı aksiya keçirilmişdir.
Federasiyadan AZƏRTAC-a bildirmişlər ki, aksiyada İsveçdə yaşayan və təhsil alan soydaşlarımızla yanaşı, Türkiyə, uyğur, türkmən türkləri və KİV təmsilçiləri də iştirak etmişlər.
Əllərində Azərbaycan və Türkiyə ilə yanaşı bir sıra ölkələrin dövlət bayraqlarını, Xocalıda qətliam törədənləri, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına göz yuman beynəlxalq təşkilatları qınayan ifadələr yazılmış plakatlar tutan insanlar “Xocalıya ədalət!”, “Erməni yalanlarına son!”, “Erməni cavab verəcəkdir” və s. şüarları səsləndirmişlər.
İsveç-Azərbaycan Federasiyasının sədri Səttar Sevigin Xocalı faciəsi və ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş digər cinayətlər barədə aksiya iştirakçılarına ətraflı məlumat verilmişdir. S.Sevgin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində həyata keçirilən soyqırımı aktını, dünyada misli görünməmiş faciə və insanlığın məhvinə yönəlmiş vandalizm kimi dəyərləndirmişdir. O, bu cinayətləri törədənlərin tezliklə cinayətə cəlb olunacaqlarından, işğal altında olan Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad ediləcəyindən əminlik ifadə etmişdir.
İsveç Atatürkçü Düşüncə Dərnəyinin rəhbəri Mustafa Sönmez dünyanın heç bir faciəsi ilə müqayisə olunmayacaq bu qətliamın dəhşətlərindən, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətindən danışmışdır. M.Sönmez İsveç ictimaiyyətini bu soyqırımının bütün dünyada tanıdılması üçün Azərbaycan xalqına dəstək verməyə çağırmışdır.
İsveç Türk İşçi Dərnəkləri Federasiyasının rəhbəri Hasan Dölek, İsveç Türk Federasiyasının rəhbəri Ahmet Önal və başqaları bir gecənin içərisində yerlə yeksan olunmuş Xocalı şəhərində ermənilərin etnik təmizləmə siyasəti həyata keçirdiklərini bildirmişlər.
Tədbirdə Azərbaycan dövlətinin Xocalı həqiqətlərini dünyada yaymaq istiqamətində həyata keçirdiyi tədbirlər də yüksək qiymətləndirilmişdir.