STRASBURQDA ŞUŞANIN İŞĞALININ 15 İLLİYİ İLƏ BAĞLI ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Şuşanın ermənilər tərəfindən işğal edilməsinin 15 illiyi ilə bağlı mayın 5-də Strasburq şəhərində Dünya Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə elmi-praktik konfrans keçirilmişdir.
Milli Məclisin deputatları, Bakıdan gəlmiş nümayəndə heyətinin, Almaniya və İsveşdəki diasporun təmsilçilərinin, Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyi əməkdaşlarının, Strasburqda və Alzas bölgəsində yaşayan soydaşlarımızın, tələbələrimizin iştirakı ilə keçirilmiş konfransın əvvəlində “Azərbaycan” himni səslənmişdir. DAK-ın sədri Cavad Dərəxti qonaqları salamlamış, Azərbaycanın əbədi və əzəl bir parçası olan Qarabağın paytaxtı, vətənimizin dilbər guşəsi Şuşanın 1992-ci il mayın 8-də torpaqlarımız hesabına öz ərazisini genişləndirməyə çalışan, xalqımıza qarşı soygırımı siyasəti aparan ermənilər tərəfindən işğal edildiyini xatırlatmışdir.
Konfransda Azərbaycanın Avropa Şurası yaninda daimi nümayəndəliyinin rəhbəri Arif Məmmədov, DAK sədrinin müavini Xəzər Eminov, Milli Məclisin deputatları Gülər Əhmədova və Qənirə Paşayeva, İsveçdəki diasporun numayəndəsi Nasir Məmmədi, Strasburqdakı “Azərbaycan Evi” Cəmiyyətinin sədri Mustafa Alınca, xalq artistləri İlhamə Quliyeva və Niyaməddin Musayev çıxış edərək X.Nətəvan, Q.Zakir, Ü.Hacıbəyov, Ə.Haqverdiyev, C.Qaryağdıoğlu, X.Şuşinski kimi tanınmış şair, yazıcı, bəstəkar və xanəndələrimizin vətəni, Azərbaycanin mədəniyyət beşiyi Şuşani işğal etmiş erməni qəsbkarlarının əhaliyə qarşı törətdikləri vəhşiliklərdən bəhs etmiş, xalgımızın tarixini əks etdirən dünya əhəmiyyətli abidələrini, yüzlərlə təhsil və mədəniyyət ocağını məhv etdiklərini bildirmiş, Şuşa üzərindəki “qələbə”nin 15 illiyini Fransa və digər dövlətlərdə qeyd etməyə hazırlaşan ermənilərin bu hərəkətinə qarşı bütün azərbaycanlıların müvafiq addimlar atmalarının zəruriliyi geyd olunmuş, Prezident İlham Əliyevin dəfələrlə “Dağlıq Qarabağ heç vaxt Ermənistanın tərkibində olmamış və olmayacaqdir” sözləri xüsusi diqqətə çatdırılmış, həmişə türk və Azərbaycan xalqlarına qarşı böhtan və iftiralar yağdırmaq iddiasından əl çəkməyən ermənilərin uydurma “soyqırımı” pərdəsi altinda dünya ictimaiyyətinin diqqətini özlərinin əsas işğalçılıq siyasətini gizlətdiklərini açıqlamış, Azərbaycanın iqtisadi qüdrətinin gündən-günə gücləndiyi xüsusi vurğulanmış, xarici ölkələrdə yaşayan bütün azərbaycanlıların öz doğma vətənləri ətrafında daha da sıx birləşmələrinə dair çağırışlar səslənmişdir.
Tanınmış yazıcı -dramaturq Əmir Pəhləvan Şuşanin Daşaltı kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuş Milli Qəhrəman, polkovnik Riad Əhmədovun unudulmaz xatirəsinə həsr etdiyi “Əsl qəhrəman” poemasını oxumuş, xalq artistləri İlhamə Quliyevanın və Niyaməddin Musayevin ifasinda Qarabağ haqqında mahnılar səslənmişdir.
Sonda Dunya Azərbaycanlıları Konqresinin gələcəkdəki fəaliyyətininin genişləndirilməsi barədə fikir mübadiləsi aparılmışdır.