Sumqayıt rəssamlarının Xızı etüdləri
Sumqayıt, 24 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Azərbaycanın bütün bölgələri öz təbiəti, mənzərəsi ilə seçilir, bura səyahət edən hər bir qonağı heyran edir, diqqətini çəkir. Ölkəmizin əsrarəngiz təbiəti daim yaradıcı insanların maraq dairəsindədir.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Dövlət Rəsm Qalereyası “Rəssamları özünə çəkən Azərbaycan təbiəti” layihəsi çərçivəsində şəhərdə fəaliyyət göstərən bir qrup peşəkar rəssamın Xızı rayonuna səfərini təşkil edib. Burada Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə təbiət qoynunda plener keçirilib.
Sumqayıt Dövlət Qalereyasının müdiri Ellada Həsənova qeyd edib ki, etüd turu zamanı rəssamlar Qızılqazma kəndində rayonun dilbər guşəsindən təbiət mənzərələrini tabloya köçürüblər. O, etüdçü rəssamların əsərlərinin qalereyanın fondunda yer alacağını və sərgilərdə nümayiş olunacağını bildirib.