REGİONLAR
Sumqayıtda məntəqə seçki komissiyalarının üzvləri treninqlərə cəlb olunub
Sumqayıt, 18 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar yanvarın 17-dən ölkə miqyaslı tədbirlərə - aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə start verib.
AZƏRTAC xəbər verir ki, Sumqayıtda fəaliyyət göstərən seçki məntəqələrində bu proqram çərçivəsində treninqlər təşkil olunur. 42 saylı Sumqayıt birinci, 43 saylı Sumqayıt ikinci və 45 saylı Sumqayıt dördüncü seçki dairələrində məşğələlər iştirakçıların fəallığı ilə keçirilib.
Yanvarın 18–də treninqləri Mərkəzi Seçki Komissiyasının (MSK) təşkil etdiyi “Trenerlər üçün treninq” kursunda iştirak etmiş müvafiq dairə komissiyalarının üzvləri Lamiyə Həsənova, Taleh Həsənov və Əhməd Quliyev aparıblar.
Gün ərzində iki dəfə olmaqla keçirilən sessiyalara məntəqə seçki komissiyalarının bütün üzvləri cəlb olunub. MSK tədbirlərin səmərəliyini təmin etmək məqsədi ilə bütün seçki dairələrini lazımi ləvazimatlar, broşürlər və vəsaitlərlə təmin edib.
Treninq zamanı iştirakçılara seçki günü nəzərdə tutulan qaydalar haqqında müfəssəl məlumat verilib. Protokolun düzgün tərtib olunması və digər məqamlar ətraflı izah edilib.
Hər bir iştirakçıya MSK tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar təqdim olunub.