Sumqayıtda “Ritm bir dünyadır” müsabiqəsinin ikinci turu keçirilib
Sumqayıt, 1 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Ritm bir dünyadır” adlı müsabiqənin ikinci turu keçirilib.
AZƏRTAC xəbər verir ki, Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş müsabiqədə Q.Qarayev və F.Əmirov adına Uşaq Musiqi məktəbləri, Bülbül və S.Rüstəmov adına Uşaq İncəsənət məktəbləri, N.Nərimanov adına Mədəniyyət Mərkəzi, “28 May” Diyarşünaslıq evi və “Dostluq” Mədəniyyət evindən bu tura vəsiqə qazanmış 21 nəfər nağara ifaçısı iştirak edib.
Müsabiqə iştirakçıları Azərbaycan ritmlərini kompozisiya şəklində təqdim ediblər.
Qələbə qazanan musiqiçiləri təbrik edən münsiflər onlara ritmin dərinliklərinə yiyələnmək, uğurlu nailiyyətlər əldə etmək üçün daha səylə çalışmağı tövsiyə edib, gələcəkdə daha yüksək və beynəlxalq səviyyəli müsabiqələrə qatılmalarını arzulayıblar.