SUMQAYITDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN BÜSTÜNÜN AÇILIŞI OLMUŞDUR
Təntənəli mərasimdə YAP sədrinin müavini - icraçı katib, Milli Məclisin deputatı Əli Əhmədov, parlamentin deputatları, şəhər təşkilatının fəalları, icra hakimiyyətinin və bələdiyyənin başçıları, ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
Əli Əhmədov, YAP-ın Sumqayıt təşkilatının sədri Asif İmaməliyev, şəhər icra hakimiyyəti başçısının müavini Akif Zeynalov və başqaları mitinqdə çıxış edərək, görkəmli dövlət xadimi, böyük vətənpərvər Heydər Əliyevin Azərbaycanın ən yeni tarixindəki misilsiz rolunu vurğuladılar.
Böyük lideri Sumqayıtla bağlayan sıx tellər xüsusi vurğulandı. Bildirildi ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illər ərzində 16 dəfə Sumqayıta gəlmiş və onun hər bir səfəri mühüm hadisələrlə əlamətdar olmuşdur. 2003-cü il aprelin 3-də sonuncu səfəri Sumqayıtın inkişafında yeni səhifə açdı. O vaxtdan bəri həyata keçirilən genişmiqyaslı dəyişikliklər ulu öndərin tapşırıqlarının yerinə yetirilməsinin nəticəsidir.
YAP fəalları kəşməkəşli və təlatümlü dövrü – Yeni Azərbaycan Partiyasının meydana gəldiyi dövrü xatırladılar. Bildirdilər ki, bölgələrdə bu ideyanı ilk dəstəkləyən də sumqayıtlılar oldu. Sumqayıt təşkilatı hazırda ən böyüklərindən biridir və 15 minədək adamı birləşdirir.
Çıxışlarda xüsusi vurğulandı ki, sumqayıtlılar ümummilli liderimizin layiqli varisi, onun siyasi xəttini uğurla və qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin fəaliyyətini birmənalı dəstəkləyir və bəyənirlər.
Büstün üzərindən örtük götürüldü, postamentin önünə al qızılgüllər qoyuldu.