Süni intellekt və rəqəmsal texnologiyalar Azərbaycan Universitetində təhsil mühitinin transformasiyasına xidmət edir
Bakı, 9 iyul, AZƏRTAC
Azərbaycan Universitetində təhsil proqramları yenilənərkən süni intellekt, data analitikası, rəqəmsal texnologiyalar və innovativ informasiya sistemləri ilə bağlı fənlər kurikulumlara daxil edilib, eyni zamanda, bu istiqamətlər üzrə bilik və bacarıqlar müxtəlif ixtisas fənlərinin məzmununa inteqrasiya olunub. Bunun əsas məqsədi tələbələrdə müasir rəqəmsal kompetensiyaların formalaşdırılması və onları gələcəyin əmək bazarının tələblərinə hazırlamaqdır.
Bu barədə AZƏRTAC-a Azərbaycan Universitetindən məlumat verilib. Bildirilib ki, rəqəmsal transformasiya yalnız tədris proqramlarını əhatə etmir. Universitetdə tədris prosesinin daha çevik və səmərəli idarə olunması məqsədilə e-universitet sistemi tətbiq edilir. Elektron jurnal və digər rəqəmsal həllər vasitəsilə tədris prosesinin təşkili, qiymətləndirmə və akademik məlumatların idarə edilməsi müasir texnoloji platformalar üzərindən həyata keçirilir. Bununla yanaşı, universitetdə professor-müəllim heyətinin rəqəmsal bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir. Pedaqoji heyət üzvləri üçün süni intellekt alətlərinin tədris prosesində səmərəli, etik və məsuliyyətli istifadəsinə dair təlimlər təşkil olunur. Bu təlimlərdə süni intellektin tədris prosesində tətbiqi, akademik dürüstlük prinsiplərinin qorunması, eləcə də generativ süni intellekt texnologiyalarının yaratdığı yeni imkanlar və çağırışlar ətrafında fikir mübadiləsi aparılır. Məqsəd süni intellektdən yalnız texnoloji vasitə kimi deyil, tədrisin keyfiyyətini yüksəldən, öyrənmə prosesini zənginləşdirən və akademik dəyərlərə uyğun şəkildə tətbiq olunan innovativ alət kimi istifadə etməkdir.
Qeyd olunub ki, tələbələrin əldə etdikləri bilik və bacarıqların praktik mühitdə tətbiqinə də əhəmiyyət verilir. Bu məqsədlə onlar universitetin professor-müəllim heyətinin rəhbərliyi ilə süni intellekt, proqramlaşdırma və rəqəmsal texnologiyalar istiqamətində keçirilən hakatonlara, müsabiqələrə və digər innovasiyayönümlü yarışlara hazırlanır, komanda şəklində müxtəlif layihələr üzərində işləməyə təşviq olunurlar. Bu yanaşma tələbələrin yaradıcı düşünmə, problem həlletmə və komanda ilə işləmək bacarıqlarının inkişafına, eləcə də nəzəri biliklərini real layihələrdə tətbiq etmələrinə imkan yaradır.
Müxbir – Tünzalə Zeyvəliyeva