“Suraxanı” gəmi-muzeyində “Rəssamların döyüşü” layihəsinin növbəti mərhələsi keçirilib















Bakı, 19 may, AZƏRTAC
Beynəlxalq Muzeylər Günü münasibətilə “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatı “Suraxanı” gəmi-muzeyi ilə birgə müəllif layihəsi olan “Rəssamların döyüşü”nün növbəti mərhələsini təqdim edib.
AZƏRTAC xəbər verir ki, layihənin bu mərhələsində rəssamlar Hüseyn Kəngərli və Ruslan Rüstəmov canlı yaradıcılıq yarışında qarşılaşıblar.
Tədbirin açılışında “Suraxanı” gəmi-muzeyinin direktoru Tural İbrahimov və “Arts Council Azerbaijan”ın rəhbəri Dadaş Məmmədov çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.
Rəssamlar “Dəniz”, “Güllər” və “Ekspressiya” mövzularında üç raund üzrə yarışıb, əsərlərini real vaxt rejimində və məhdud zaman çərçivəsində yaradıblar. Tamaşaçılar ilk fırça toxunuşundan son nəticəyə qədər yaradıcılıq prosesini izləyərək finalda səsvermə ilə qalibi müəyyən ediblər. Ruslan Rüstəmov 2:1 hesabı ilə qalib gəlib.
Tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatlar və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, “Arts Council Azerbaijan”ın Beynəlxalq Muzeylər Şurasına (ICOM) üzv olduqdan sonra təşkilatın ölkə muzeyləri ilə əməkdaşlığı əhəmiyyətli dərəcədə genişlənib.
“Rəssamların döyüşü” layihəsi 2024-cü ildə “Arts Council Azerbaijan” tərəfindən yaradılıb. Layihənin müəllifi və kuratoru Sona Quliyevadır.