ŞUŞANIN İŞĞALININ 15 İLLİYİ İLƏ BAĞLI STRASBURQDA MİTİNQ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Şuşanın işğalının 15 illiyi ilə bağlı mayın 7-də Dünya Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Strasburqun Broqli meydanında mitinq keçirilmişdir.
Mitinqi açan DAK-ın sədri Cavad Derəxti Azərbaycanın qədim mədəniyyətinin tarixində misilsiz yeri olan Şuşanın 15 il əvvəl qəsbkar ermənilər tərəfindən işğal edildiyini xatırlatmış, dünya ictimaiyyəti və beynəlxalg təşkilatları bu işğala siyasi qiymət verməyə çağırmışdır.
Milli Məclisin deputatları Qənirə Paşayeva və Gülər Əhmədova, Strasburqda fəaliyyət göstərən “Azərbaycan Evi” cəmiyyətinin sədri Mustafa Alınca, yazıçı-dramaturq Əmir Pəhlivan, respublikanın xalq artistləri İlhamə Quliyeva və Niyaməddin Musayev çıxışlarında Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən danışıqsız və dərhal çıxması barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə məhəl qoymadığını vurğulamış, Avropa Şurasını, ATƏT-i, Avropa İnsan Hüquqları Məhkəməsini ermənilərin işğalçılıq siyasətinə son qoymaları üçün öz təsir imkanlarından istifadə etməyə çağırmışlar. Azərbaycanlılara, türklərə qarşı terrorçuluq və soyqırımı siyasəti yeridən ermənilərin işğalçılıq siyasətinin qarşısının tezliklə alınmasının zəruriliyini vurğulamışlar. Bildirilmişdir ki, dünyanın müxtəlif nöqtələrindəki müharibə, münaqişə ocaqlarını söndürməyə çalışan Avropa ölkələri və beynəlxalq qurumlar Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlamasına göz yummalı, 1 milyondan artıq qaçqın və məcburi köçkünün taleyinə biganəlik göstərməli, Azərbaycan ərazilərinin tezliklə azad olunmasını tələb etməlidir.
Mitinqdə ölkəmizin dilbər guşəsi olan Şuşadakı abidələrimizin ermənilər tərəfindən vəhşicəsinə dağıdıldığı da vurğulanmışdır.
Əllərində “Terrorizmə son qoyulmalıdır!”, “Qarabağda Azərbaycan abidələrinin dağıdılmasına son qoyun!”, “Qarabağ müharibəsinin canisi Koçaryan mühakimə edilsin!”, “Ermənistanın işğalçılıq siyasətinə son qoyulsun!” sözləri yazılmış plakatlar tutmuş mitinq iştirakçıları beynəlxalq təşkilatlardan işğal altındakı ərazilərimizin tezliklə azad olunması üçün Ermənistana təsir göstərməyi tələb etmişlər.
Mitinqdə AŞ, ATƏT, BMT, YUNESKO və Avropa Məhkəməsinə ünvanlanmış müraciət oxunmuşdur. Müraciətdə deyilir ki, işğalçılıq siyasəti yürüdən Ermənistan dünya ictimaiyyətində guya Şuşanın ermənilərin şəhəri olması fikrini formalaşdırmağa cəhd göstərir. Lakin Şuşa əzəli Azərbaycan şəhəridir.
Mitinq zamanı yerli əhaliyə Şuşanın Ermənistan tərəfindən işğalı və günahsız sakinlərə vəhşicəsinə divan tutulması barədə fransız və ingilis dillərində vərəqələr, Heydər Əliyev Fondu tərəfindən müxtəlif dillərdə buraxılmış “Qarabağ həqiqətləri” toplusu paylanmışdır.