Tacikistanın “avesta.tj” portalında dünya şöhrətli alim Lütfi Zadə haqqında məqalə yerləşdirilib
Düşənbə, 4 fevral, AZƏRTAC
Tacikistanın “avesta.tj” portalında dünya şöhrətli alim Lütfi Zadənin (Lütfəli Ələsgərzadə) 100 illiyi münasibətilə rus dilində məqalə yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, “Lütfi Zadə: dünya elminin azərbaycanlı dahisi” adlı məqalədə qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiq nəzəriyyələrinin banisi Lütfi Zadənin həyatı və elmi fəaliyyəti haqqında ətraflı məlumat yer alıb.
Yazıda Lütfi Zadənin 1921-ci il fevralın 4-də Bakıda doğulduğu, sonra ailə vəziyyəti ilə bağlı Tehrana köçdüyü qeyd olunur. Tehran Universitetində təhsil aldıqdan sonra 1944-cü ildən ABŞ-a köçüb və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. Alimin dünya elminə məlum olan altı mühüm nəzəriyyəsinin bünövrəsi də elə burada qoyulub. O, 1959-cu ildən Berkli Universitetində çalışıb. Ömrünün sonuna kimi həmin ali təhsil ocağında professor və Soft Computing İnstitutunun direktoru olub. Onun nəzəriyyəsi “General Motors”, “Nissan”, “Kodak”, “Toshiba”, “Panasonic”, “Mitsubishi”, “Honda”, “Sony” və digər nüfuzlu şirkətlərin fəaliyyətində geniş tətbiq edilir.
Vəsiyyətinə uyğun olaraq böyük alim Bakıda birinci Fəxri xiyabanda dəfn olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə