SİYASƏT
TANINMIŞ OFTALMOLOQ TAHİR CƏFƏRLİ HƏMVƏTƏNLƏRİNİN QAYĞISINA QALIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Moskvadakı “DOKTOR VİZUS” oftolmalogiya klinikasında ildə, orta hesabla, 800-dək Azərbaycan vətəndaşı üzərində cərrahiyyə əməliyyatı aparılır. Klinikada vətəndaşlarımız üçün bir sıra xidmətlərə görə endirimlər də nəzərdə tutulmuşdur. Məsələn, 18 Qarabağ müharibəsi əlili və 12 sosial təyinatlı əlil pulsuz müalicə olunmuşdur.
Bütün bunlar bu məşhur klinikanın baş həkimi, həmvətənimiz Tahir Cəfərlinin sayəsində mümkün olmuşdur. Tibb elmləri namizədi, Rusiya Dövlət Tibb Universitetinin “Gözün mikrocərrahiyyəsi” laboratoriyasının böyük elmi işçisi T.Cəfərli Moskvanın aparıcı oftalmologiya mütəxəssislərindən biri sayılır. O, əsası ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanım Əliyeva tərəfindən qoyulmuş Azərbaycan oftalmologiya məktəbi ənənələrinin layiqli davamçısıdır.
T.Cəfərli Moskvanın mərkəzində yerləşən və paytaxtın tanınmış Birinci göz xəstəxanasının bazasında yaradılmış “DOKTOR VİZUS” klinikasında elmi və praktiki fəaliyyətini uğurla əlaqələndirir. Tahir müəllim AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində demişdir: “Bu xəstəxananın 200-dən yuxarı yaşı var. Azərbaycanın tanınmış oftalmoloq alimi Zərifə Əliyeva vaxtilə burada işləmişdir. Belə tarixi irslə təmasda olmaq həm şərəfli, həm də çox məsuliyyətlidir”.
T.Cəfərli onu da bildirmişdir ki, “DOKTOR VİZUS” klinikasının fəaliyyət göstərdiyi 11 il ərzində burada 20 mindən yuxarı müxtəlif təyinatlı cərrahiyyə əməliyyatı aparılmışdır. Onun sözlərinə görə, tarixi Vətəni ilə əlaqələri qırmır, Bakıda təşkil olunmuş tədbirlərdə xüsusən, Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş konfranslarda iştirak edir. Bundan əlavə, klinika Azərbaycan Dövlət Tibb Universiteti və Həkimləri Təkmilləşdirmə İnstitutu ilə sıx əlaqələr saxlayır.
Həmvətənimiz demişdir: “Birgə fəaliyyət potensialından hələ tam istifadə olunmamışdır və biz Azərbaycan mütəxəssislərini elmi kooperasiyaya daha yaxından cəlb etmək, onları konfranslara, simpoziumlara və seminarlara daha aktiv cəlb etmək niyyətindəyik. Məqsədimiz Moskvada toplanmış kadr potensialını bir araya gətirərək, Azərbaycanda müxtəlif profilli əməliyyatlar aparmaqdır. Bu, yerli kadrların hazırlanmasına kömək edər, insanların əməliyyat olunmaq üçün Bakıdan getmələrinə ehtiyac qalmaz”.