TANINMIŞ PİANOÇU TAMİLLA MAHMUDOVAYA MOSKVADA AZƏRBAYCANIN “ŞÖHRƏT” ORDENİ TƏQDİM EDİLMİŞDİR
Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürünü bildirən Tamilla Mahmudova nadir şəxsiyyət, zəngin zəka sahibi və qeyri-adi dövlət təfəkkürünə malik olan Heydər Əliyev haqqında çox səmimiyyətlə və kövrək hisslərlə danışaraq vurğuladı ki, o, həm də son dərəcə qayğıkeş, mehriban insan idi, Azərbaycanın mədəniyyət xadimlərinə həmişə çox diqqətlə yanaşırdı. O dedi: “Taleyim elə gətirdi ki, mən 1950-ci ildən Moskvada yaşayıb işləyirəm. Xüsusi vurğulamaq istəyirəm ki, həmvətənlərdən heç kim heç vaxt Heydər Əliyevin nəzərindən qaçmırdı, çünki mədəniyyət xadimlərinin yaradıcılığını çox diqqətlə izləyirdi. Bəlkə də, buna görədir ki, 1974-cü ildə mən Azərbaycanın xalq artisti adına layiq görüldüm. Hamı bilir ki, artist üçün bu ad nəinki fəxrdir, həm də yaradıcılıq həyatında kömək edir, yaradıcılıq niyyətlərini gerçəkləşdirməyə imkan verir. “Şöhrət” ordeni Heydər Əliyevin məni təltif etdiyi son mükafatdır. Çox təəssüf ki, onu mənə özü təqdim edə bilmədi... Amma, xoşbəxtlikdən, bu yüksək mükafata görə ona öz təşəkkürümü bildirməyə, hər halda, macal tapa bildim, mən onu hətta öpə də bildim”.