Tanışını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb olunub
Bakı, 8 fevral, AZƏRTAC
Fevralın 8-də saat 01 radələrində Tovuz rayonu ərazisində 1984-cü il təvəllüdlü İlqar Məmmədova məxsus, üzərində xəsarət izləri olan meyitin Tovuz Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Tovuz Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilir ki, Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və cəsədə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1990-cı il təvəllüdlü Elvin Əhmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İlqar Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
Elvin Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.