Tarix Muzeyi əməkdaşlarının beynəlxalq konqresdə məruzələri dinlənilib
Bakı, 24 iyun, AZƏRTAC
Türkiyənin Konya şəhərində Səlcuq və Aydın universitetləri tərəfindən “XV Beynəlxalq türk sənəti, tarixi və folkloru” adlı onlayn konqres keçirilib.
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu müəssisənin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadovun “Erməni hərfli türkcə əsərlərdə təsəvvüfi motivlər” mövzusunda məruzəsi dinlənilib.
Məruzədə qeyd olunub ki, Ermənistan və dünya arxivlərində saxlanılan erməni hərfli türkdilli əsərlərin öyrənilməsi qeyri-islami türk mədəniyyətinin və sufizmin, hürufiliyin ermənilərə təsirinin, xristian missionerliyinin tədqiqi baxımından əhəmiyyətlidir.
Muzeyin əməkdaşları dosent Həbibə Əliyeva “Şirvanın türk-islam mədəniyyətini özündə təcəssüm etdirən məscidləri”, Zülfiyyə Cəlilova “Azərbaycan türklərinin qədim yaşayış yeri olan İrəvanın tarixi inciləri dünya muzeylərində” mövzularında məruzələr ediblər.
Sonra muzeyin əməkdaşı Fəridə Xəlilova “Azərbaycan məişətində qadının rolu” mövzusunda çıxış edib. O, Azərbaycan qadının məişətdəki yeri, ona münasibət və onun maddi və mənəvi mədəniyyətə töhfələri haqqında danışıb.
Konqres materiallarının nəşri nəzərdə tutulur.