“Tarixə adını yazan qadınlar” kitabının təqdimatı olmuşdur
Bakı, 7 mart (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, martın 7-də Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın üçcildlik “Tarixə adını yazan qadınlar” kitabının təqdimatı olmuşdur.
Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ölkəmizdə akkretidə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların, QHT-lərin və KİV-lərin nümayəndələri iştirak etmişlər.
Kitabın əhəmiyyətindən danışan Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri Rəna Mirzəzadə bildirmişdir ki, hazırda ölkəmizdə gender siyasəti, qadınların hüquqlarının qorunması, onların ictimai-siyasi fəallığının artırılması və s. məsələlər dövlətimizin diqqət mərkəzindədir. Tarixdə dərin iz buraxmış 100 qadının həyatından və fəaliyyətindən bəhs edən bu nəşr Azərbaycanda gender elminin inkişafına mühüm töhfədir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova isə vurğulamışdır ki, qadınları güclü olmayan cəmiyyət zəif hesab olunur. Azərbaycan qadınları çox yüksək pillələrə qalxmağa nail olan qadınlardır. Son illər cəmiyyətdə qadınların qərarların qəbul edilməsi prosesində rolu artmışdır. Bu gün Azərbaycan qadını ailəsinə, torpağına, milli adət-ənənələrinə bağlı bir qadındır.
Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bütün sahələrdə əldə olunan müsbət dəyişikliklər qadınların həyatından da yan keçməmişdir. Azərbaycanda uğurlu qadın siyasəti nəticəsində qadınlarımız iqtisadi cəhətdən daha müstəqil olur, onların fəallığı daha da artır. Bu da cəmiyyətimizdə qadınların rolunu yüksəldir.
Azərbaycanın qadın hüquqlarının qorunması sahəsində inkişaf etmiş ölkələr sırasında olduğunu deyən kitabın müəllifi Qənirə Paşayeva bildirmişdir ki, hələ də dünyanın bəzi ölkələrində qadınlar ən adi hüquqlardan belə məhrumdurlar. Tarixə adını yazan qadınlar çox olmuşdur. Təəssüf ki, bəzən tarix onların adını lazımınca yazmamışdır. Bu kitabı yazmaqda əsas məqsəd tarixə adlarını yazan, “ilk”lər yaradan qadınlarımızın həyatını, fəaliyyətini gənc qızlarımıza örnək kimi göstərmək olmuşdur. Bu kitab ən azı yüz qıza ünvanlanmışdır. Uğurlarını çox böyük çətinliklə qazanan bu qadınların həyat və fəaliyyətlərini təbliğ edən kitabın qızların, gənc qadınların mənəvi inkişafı, cəmiyyətdə rolunun artırılması ilə yanaşı, qadınların hüquqlarının qorunması, onların cəmiyyətə inteqrasiyası baxımından kişilər üçün də əhəmiyyəti böyükdür.
Kitabda ölkəmizin tarixində böyük rol oynamış üç qadının - xalqımızın keçmişindən xəbər verən hökmdar Tomirisin, diplomat qadın Sara xatun və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın həyat və fəaliyyətindən ətraflı bəhs olunmuşdur.
Vurğulanmışdır ki, Mehriban xanım Əliyeva Azərbaycan qadın hərəkatında mühüm bir mərhələnin başlanğıcını qoymuşdur. Onun qadın hərəkatının önündə getməsi, erkən nikahlarla mübarizə, qızlarımızın daha yaxşı təhsil alması, Azərbaycan qadınının dünyada daha yaxşı təbliği baxımından özünün şəxsi örnəyi ilə yanaşı, fikir, düşüncə və çıxışları ilə qızlarımız üçün mühüm örnəkdir.
Azərbaycanın son illərdə insan inkişafı istiqamətində bir çox ölkələrdən öndə olduğunu qeyd edən BMT-nin Azərbaycan üzrə rezident-əlaqələndiricisi Fikrət Akçura təşkilatın Minillik Bəyannaməsində qadın hüquqlarının qorunmasına xüsusi diqqət yetirildiyini bildirmişdir. O, hazırda Azərbaycanda qadınların hüquqlarının qorunması, onların fəallığının artırılması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini, bu sahədə yeni bir layihənin də reallaşacağını qeyd etmişdir.
Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova öz varlığı ilə bəşəriyyətə şan-şöhrət gətirmiş, cəmiyyətdə böyük yaradıcı qüvvə olan qadınların rolunun işıqlandırılmasının çətinliyini bildirmiş, Q.Paşayevanın bu işin öhdəsindən layiqincə gəldiyini vurğulamışdır.
Xalq şairi Zəlimxan Yaqub, deputatlar Elmira Axundova, Gülər Əhmədova, Milli Məclis Aparatının şöbə müdiri İbrahim Yusifzadə və kitabın ikinci cildinin məsləhətçisi Aybəniz Turan nəşrin əhəmiyyətindən danışmışlar.
Kitabın birinci cildinə AQUPDK-nın sədri Hicran Hüseynova, ikinci cildinə Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa və kitabın məsləhətçisi Aybəniz Turan, üçüncü cildinə isə İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova və BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura ön söz yazmışlar.
######
![]() |
![]() |

