Tbilisidə Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir
Tbilisi, 25 fevral (AZƏRTAC). Fevralın 24-də Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Tbilisidəki Y.Axvlediani adına Rəsm Qalereyasında Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı anma tədbiri keçirilmişdir.
Azərbaycan və Gürcüstan ictimaiyyətinin nümayəndələrinin qatıldıqları mərasimin iştirakçıları Xocalı soyqırımını əks etdirən fotosərgi ilə tanış olmuşlar. Burada, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə işıq üzü görmüş və əsassız erməni iddialarına tutarlı cavab verən materiallardan ibarət çoxlu sayda nəşrlər, o cümlədən Tatyana Çaladzenin “Qarabağ soyqırımı: məhkum olunmuş Xocalı”, Bondo Arveladzenin “Baqramyan adına erməni batalyonu və Abxaziyada gürcülərin etnik təmizlənməsi”, Anzor Totadzenin “Yalançı erməni alimlərinin gürcülər əleyhinə isteriyası”, Mixail Tamaraşvilinin “Ermənilər Gürcüstana nə vaxt köçürülüblər” və s. kitablar nümayiş etdirilmişdir.
Tədbiri açan Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn iştirakçılara Xocalı soyqırımının dəhşətləri barədə faktlar əsasında ətraflı məlumat vermiş və ermənilərin həyata keçirdikləri bu vandalizm aktının yalnız azərbaycanlılara deyil, bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu demişdir. Diplomat qeyd etmişdir ki, qondarma “erməni soyqırımı”nın tanınması məqsədi ilə hər cür hiylə və fitnəkarlığa əl atan ermənilər Xocalı soyqırımını törətməklə bəşəriyyətə özlərinin iç üzlərini açıb göstərmişlər. Səfir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında və bu soyqırımına hüquqi qiymət verilməsi istiqamətində mühüm rol oynadığını diqqətə çatdırmışdır. O, Xocalı soyqırımı məsələsinin bəzi ölkələrin parlamentlərinin gündəliyinə çıxarılmasını kampaniyanın uğuru kimi qiymətləndirmişdir.
Diplomat demişdir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin uzadılması Azərbaycanın milli maraqlarına ziddir və beynəlxalq hüquq normaları çərçivəsində ölkəmiz beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlüyünü bərpa etmək üçün müvafiq tədbirlər həyata keçirməyə qadirdir. Bildirilmişdir ki, biz beynəlxalq ictimaiyyətdən Xocalı faciəsinə ədalətli qiymət verilməsini, XX əsrin sonlarında törədilmiş bu amansız cinayətin səbəbkarlarının cəzalandırılmasını tələb edirik.
Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini Hüseyn Yusifov azərbaycanlıların yığcam yaşadıqları bölgədə “Xocalı ayı” çərçivəsində məktəblərin, qeyri-hökumət təşkilatlarının da iştirakı ilə silsilə tədbirlərin keçirildiyini və bu mərasimlərin davam etdirildiyini bildirmişdir.
Digər çıxışlarda da beynəlxalq ictimaiyyətin Xocalı soyqırımını tanıyacağına əminlik ifadə olunmuş, dövlətimizin başçısının yürütdüyü uğurlu siyasətin bunu söyləməyə əsas verdiyi vurğulanmışdır.
Sonda iştirakçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətinin mətni ilə tanış olmuşlar.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi