TƏBİB: Yeni Klinikada 70 mindən çox topuq testi müayinəsi aparılıb
Bakı, 22 oktyabr, AZƏRTAC
Bu ilin ilk 9 ayı ərzində Yeni Klinikanın daban testi otağında 71 min 450 topuq testi müayinəsi aparılıb. Müayinələrdən keçən yeni doğulanların sayı 14 min 290 olub və onlardan 114-nün cavabı pozitiv çıxıb.
AZƏRTAC xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Nəticələrlə bağlı yeni doğulanların valideynləri aidiyyəti üzrə tibb müəssisələrinə dəvət olunub. Aşkar edilən xəstəliklərə uyğun olaraq onlara hansı ixtisaslı həkimə müraciət edilməsi barədə məlumatlar verilib, maarifləndirmə işi həyata keçirilib.
Bildirilib ki, TƏBİB tabeli tibb müəssisələrində olan doğum şöbələrində topuq testi üçün götürülən nümunələr laborator müayinə üçün Yeni Klinikaya göndərilir. Burada olan xüsusi laboratoriyada “Guthrie kartları” adlandırılan xüsusi filtr kağızları üzərində 5 yerdə qeyd edilən qan nümunələrində fenilketonuriya (amin turşularının metabolizminin pozulması), qalaktozemiya (bədəndə artıq qalaktoza şəkərinin yığılması), kistik fibroz (metabolizm prosesinin pozulması), adrenogenetal sindromu (böyrəküstü vəzilərin irsi xəstəliyi) və hipotireoz (qalxanabənzər vəzinin funksiyasının zəifləməsi) xəstəliklərinin izləri axtarılır. Bu prosesdə iştirak edən mütəxəssislər xüsusi təlimlərdən keçən və ixtisaslaşmış peşəkarlardır.
Test yenidoğulmuşların topuq nahiyəsindən qan nümunəsi götürülməklə həyata keçirilir. Qan nümunəsi vaxtında doğulan və qidalanmağa başlayan uşaqlardan doğuşdan 2 gün sonra, vaxtından tez doğulan uşaqlardan isə 1 həftə sonra götürülür.
Qeyd edək ki, topuq testi nümunələrinin götürülməsi, eləcə də sözügedən xəstəliklərin müayinə və müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində dövlət tibb müəssisələrində həyata keçirilir.