TƏHLÜKƏSİZLİK VƏ XÜSUSİ XİDMƏT ORQANLARI RƏHBƏRLƏRİ ŞURASININ İCLASI BAŞA ÇATMIŞDIR
Beynəlxalq təhlükəsizliyə və sabitliyə qarşı yönəlmiş ümumi təhdidlərin, ilk növbədə, terrorçuluğun yayılmasının qarşısının alınması istiqamətində dünya ölkələrinin xüsusi xidmət orqanları ilə əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi və mövqelərin daha da yaxşılaşdırılması üçün Şura üzvlərinin qərarı ilə tədbirdə müşahidəçi qismində Fransa, Almaniya, İtaliya və İspaniyanın müvafiq strukturlarının yüksək vəzifəli nümayəndələri də təmsil olunmuşdu.
İclasın iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edərək əklillər qoymuşlar.
Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, iclası giriş sözü ilə nazir general-leytenant Eldar Mahmudov açmışdır. Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev Prezident İlham Əliyevin adından qonaqları salamlamış və dövlət başçısının tədbir iştirakçılarına müraciətini oxumuşdur.
Daha sonra çıxış edən nazir Eldar Mahmudov terrorçu təşkilatların taktikasında baş verən dəyişikliklər, onların daha ciddi siyasi məqsədlər güdmələri, terrorçu, ekstremist və kriminal strukturlar arasında effektli qarşılıqlı əlaqələrin yaranması ilə xarakterizə olunan əməliyyat şəraitinin mövcudluğunu vurğulamışdır. Nazir demişdir ki, Şurada təmsil olunan dövlətlər, eləcə də bir çox ölkələr üçün ciddi təhlükəyə çevrilən, terrorçuluq və digər hüquqazidd əməllərə əlverişli və münbit şərait yaradan təcavüzkar separatçılıq, dini ekstremizm, nəzarətsiz ərazilər və “qaynar nöqtələr” kimi reallıqlara birmənalı və vahid mövqedən yanaşma zəruridir. Eldar Mahmudov MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları arasında son dövrlər dinamik surətdə inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirmiş, ölkələrimizin milli təhlükəsizliyinin səmərəli təmin olunması baxımından təcrübə və məlumat mübadiləsinin daha da genişləndirilməsinin vacibliyini vurğulamışdır. O, Şuranın XXI iclasının əməkdaşlıq sahələrində birgə fəaliyyətə öz müsbət təsirini göstərəcəyinə, yeni reallıqlar nəzərə alınmaqla işgüzar münasibətlərin səmərəliliyinin yüksələcəyinə ümidvar olduğunu söyləmişdir.
Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının sədri, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru ordu generalı Nikolay Patruşevin rəhbərliyi ilə işini davam etdirən iclasda terrorçuluq aktları və hər cür ekstremizm təzahürləri nəticəsində yaranan böhran vəziyyətlərinin idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi məsələləri, habelə Birlik ölkələrinin bioloji təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması sahəsində təhlükəsizlik və xüsusi xidmət orqanlarının əməkdaşlığının perspektivləri müzakirə olunmuşdur.
Bundan başqa, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlığın fəallaşdırılması və təkmilləşdirilməsi yolları, habelə informasiya texnologiyaları sahəsində, o cümlədən kiberterrorçuluq üzrə baş verən cinayətlərin araşdırılması və sənədləşdirilməsində qarşılıqlı əməliyyat məlumatı mübadiləsi və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılmışdır.
İclasda gündəlikdəki məsələlərə dair müvafiq qərarlar imzalanmış, Şuranın gələn il üçün Fəaliyyət planı təsdiq edilmiş, MDB-nin Antiterror Mərkəzinin 2007-ci il üçün nəzərdə tutulan tədbirlər siyahısı razılaşdırılmışdır.
İclas başa çatdıqdan sonra nümayəndə heyətləri Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına gəlmiş, “Şöhrət” muzeyində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən, habelə zəngin tarixi sənədlər və maraqlı fotolardan ibarət stendlərlə tanış olmuşlar. Nikolay Patruşev muzeyin xatirə kitabına ürək sözlərini yazmışdır.
İclas çərçivəsində Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının mükafatları uğrunda bir sıra üzv dövlətlərin idman komandalarının xidməti ikinövçülük, snayper tüfənglərindən atəş açmaq və əlbəyaxa döyüş növləri üzrə yarışları keçirilmişdir. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin komandası 2 qızıl və 1 gümüş medal qazanmışdır.