TƏHSİL NAZİRLİYİ MİLLİ MƏTBUAT GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRMİŞDİR
Mərasimdə nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələri, tanınmış təhsil işçiləri iştirak etmişlər.
Təhsil naziri Misir Mərdanov çıxış edərək, demokratik cəmiyyət quruculuğunda, Azərbaycan həqiqətlərinin təbliğində kütləvi informasiya vasitələrinin rolundan danışmışdır. Nazir digər sahələrlə yanaşı, təhsil sahəsinin, burada həyata keçirilən islahatların, mövcud problemlərin, onların həlli yollarının işıqlandırılmasında mətbuatın rolunu yüksək qiymətləndirmiş, əlamətdar gün münasibətilə jurnalistləri və tədbir iştirakçılarını təbrik etmişdir.
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Cahangir Məmmədli, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, tanınmış telejurnalist Qulu Məhərrəmli, “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC) baş direktoru Aslan Aslanov və digər natiqlər xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin elm və təhsilimizin, mətbuatımızın inkişafına daim diqqət və qayğı göstərdiyini, ulu öndərimizin nurlu ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulamışlar.
Natiqlər milli mətbuatımızın şərəfli inkişaf yolundan danışmış, jurnalistlərə göstərdiyi diqqətə görə Təhsil Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildirmiş, təhsilimizin inkişafında onlara uğurlar arzulamışlar.
Keçirilmiş sorğunun nəticəsinə əsasən, 5 kütləvi informasiya vasitəsi, o cümlədən Azərbaycan Dövlət Teleqraf Agentliyi təhsil sahəsində görülən işləri obyektiv və peşəkarlıqla işıqlandırdığına görə Təhsil Nazirliyinin Fəxri Diplomuna, 10 nəfər jurnalist isə xüsusi mükafatlara layiq görülmüşdür.