TELEKOMMUNİKASİYA SAHƏSİNDƏ TARİFLƏR ARTIRILMAYACAQ
Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində telefon rabitəsi xidmətləri tariflərinin artırılacağı, o cümlədən “09” xidmətinin pullu sistemə keçiriləcəyi barədə əsassız, əhali arasında çaşqınlıq yaradan məlumatlar dərc olunur və bu zaman Rabitə Nazirliyinə istinad edilir.
Rabitə Nazirliyi telekommunikasiya sahəsində qiymətlərin artırılmayacağını dəfələrlə elan etməsinə və bu barədə mətbuata məlumatlar verilməsinə baxmayaraq, bəzi KİV-lər yenə də əhali arasında narahatçılıq yaradırlar.
Nazirlikdən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, nazirliyin apardığı məqsədyönlü, elmi əsaslara söykənən tarif siyasəti nəticəsində beynəlxalq danışıq qiymətləri İran-Türkiyə istiqamətində 20 faiz, Avropa ölkələri istiqamətində 47 faiz, ABŞ və digər ölkələr istiqamətində 40 faiz aşağı salınmışdır. Şəhərdaxili taksofonlarla danışıq qiyməti 41 faiz, büdcə təşkilatları üçün telefon çəkilişi haqqı 44 faiz, aylıq abunə haqqı isə 37 faiz, əhali üçün növbədənkənar çəkiliş haqqı 40 faiz və sair aşağı salınmışdır. Eyni zamanda, Tarif Şurasına beynəlxalq danışıq qiymətlərinin İran-Türkiyə istiqamətində daha 25 faiz, ABŞ və digər ölkələr istiqamətində isə 17,5 faiz aşağı salınmasına dair yeni təkliflər verilmişdir.
Bütün bunlarla yanaşı, son 5 il ərzində dövlət büdcəsinə vergilər formasında 500 (beş yüz) milyard manata yaxın vəsait ödənilmişdir.
Məlumatda daha sonra deyilir ki, əhali üçün aylıq abunə haqqı tarifi Qazaxıstanda 2,55, Rusiyada 2,13, Ukraynada 1,61 ABŞ dolları olduğu halda, Azərbaycanda 0,67 ABŞ dolları, yəni 3-4 dəfə aşağı, başqa sözlə, maya dəyərindən 4-5 dəfə azdır. Buna baxmayaraq, Rabitə Nazirliyi elə tarif siyasəti yeritməyə çalışır ki, ölkədə telekommunikasiya xidmətlərinin qiymətləri artmasın.
Nazirlik telekommunikasiya sahəsində qiymətlərin artırılmayacağını bildirir, KİV rəhbərlərindən və nümayəndələrindən bir daha xahiş edir ki, rabitə sahəsi ilə bağlı hər hansı məlumatı dərc olunmazdan əvvəl sahənin mütəxəssislərinin rəyini öyrənsinlər, əhali arasında çaşqınlıq yaradan, əsassız xəbərlərin yayılmasına yol verməsinlər.