“Təmiz Şəhər” ASC-nin nümayəndələri beynəlxalq konfransda iştirak edirlər
Avropa və Asiyanın qabaqcıl ölkələrinin nümayəndə heyətlərinin iştirak etdikləri tədbirdə Azərbaycan “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə təmsil olunur.
Konfransın məqsədi bərk məişət tullantıları üzrə aparıcı mütəxəssisləri bir araya gətirmək, onların tullantıların utilizasiyası sahəsindəki bilik və təcrübələrini bölüşmələrinə imkan yaratmaq və bu sahədə innovativ texnologiyalardan istifadə edərək ətraf mühitin qorunmasına vasitəçilik etməkdir.
“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, konfransda bərk məişət tullantılarının çeşidlənməsi mərhələsində təkrar xammalın alınması üzrə yeni texnologiyaların təkmilləşdirilməsi, tullantıların basdırılması və emalı zamanı yaranan zərərli qazın atmosferə atılmasının azaldılması üsulları və başqa mövzularda müzakirələrin aparılması nəzərdə tutulmuşdur.
“Təmiz Şəhər” ASC-nin idarə heyətinin sədri Zakir İbrahimov “Bakı şəhərində tullantıların idarəçiliyi: görülmüş işlər və gələcək planlar” mövzusunda çıxış edərək Bakıda tullantıların idarə edilməsi sahəsində həyata keçirilmiş tədbirlər və görüləcək işlər barədə məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan dövləti bu sahəyə xüsusi diqqət və qayğı göstərir. Hazırda Balaxanı qəsəbəsində MDB-nin ən müasir tullantı emalı müəssisəsi olacaq tullantıların yandırılması zavodu inşa olunur. Bundan əlavə, yaxın gələcəkdə çeşidləmə xətti istifadəyə veriləcəkdir.
Z.İbrahimov Balaxanıdakı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunun beynəlxalq standartlara uyğun yenidən qurulması, pilot layihələrin həyata keçirilməsi və ekoloji maarifləndirmə tədbirləri barədə danışmışdır.
Bakıda tullantıların idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində görülən işlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Konfrans iyunun 3-dək davam edəcəkdir.