“Təmiz şəhər naminə hərəkətdə ol!” veloyürüşü keçirilib
Bakı, 13 fevral, AZƏRTAC
Fevralın 13-də Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun, Azərbaycan Velosiped İdmanı Federasiyasının, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “İslahatçı Gənclər” İctimai Birliyinin birgə təşəbbüsü ilə Nərimanov rayonundakı “Qardaşlıq məzarı” kompleksinin yaxınlığında 5 kilometr məsafədə “Təmiz şəhər naminə hərəkətdə ol!” veloyürüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin 120 iştirakçısı arasında Milli Məclisin deputatları, müxtəlif ictimai birliklərin rəhbərləri, habelə velosiped idmanı həvəskarları olub. Sağlam və aktiv həyat tərzinin təbliği və gənclərin asudə vaxtlarını faydalı keçirmələrinə çağırış məqsədi daşıyan veloyürüş başa çatandan sonra iştirakçılara sertifikatlar təqdim edilib.