Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi təşkil olunub
Bakı, 29 avqust, AZƏRTAC
Avqustun 29-da ölkə üzrə 29 imtahan mərkəzində məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.
Qeyd edək ki, Şəki şəhəri 11 nömrəli imtahan mərkəzində texniki problem yarandığından tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin həmin mərkəzdə təşkili mümkün olmayıb. Sözügedən mərkəz üzrə test imtahanı növbəti tarixə keçirilib. Növbəti imtahanın tarixi barədə məlumat müvafiq imtahan mərkəzində iştirak edəcək namizədlərin şəxsi səhifələrinə göndəriləcək.