Tərtərdə Xocalı faciəsinin ildönümü qeyd olunmuşdur
Tərtər, 24 fevral (AZƏRTAC). Xocalı faciəsinin 20-ci ildönümü Tərtər rayonunda da geniş qeyd olunmuşdur.
AZƏRTAC xəbər verir ki, fevralın 24-də şəhər 6 nömrəli tam orta məktəbində faciəyə həsr olunmuş ədəbi-bədii kompozisiya və Tərtər Rayon İcra Hakimiyyətində (RİH) tədbir keçirilmişdir.
Rayon ictimaiyyəti və əmək kollektivlərinin nümayəndələri əvvəlcə şəhidlər xiyabanına gələrək Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üstünə tər çiçəklər düzmüş, şəhidlərin ruhuna dualar oxumuşlar.
RİH başçısı Ceyhun Cəfərov Xocalı şəhərində törədilən qırğının acı nəticələri barədə tədbir iştirakçılarına məlumat vermişdir. Bildirilmişdir ki, fevralın 25-dən 26-na keçən gecə 613 nəfər qətlə yetirilmiş, meyitlər təhqir olunmuş, 1275 nəfər girov götürülmüşdür. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi.
Mərasimdə çıxış edən Xocalıdan olan məcburi köçkünlər erməni millətçilərinin törətdikləri qanlı cinayətlərdən, xalqımızın başına gətirdikləri müsibətlərdən danışmışlar.
Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən Azərbaycanın tezliklə öz ərazilərini erməni işğalından azad edəcəyi, Xocalı soyqırımının təşkilatçıları və onu törədənlərin cəzalandırılacaqlarına əminlik ifadə edilmişdir.
Tərtər rayonunda məskunlaşmış Xocalıdan olan 23 ailəyə RİH tərəfindən ərzaq yardımı edilmişdir.