REGİONLAR
Tərtərdə yeni nasos stansiyası tikilir VİDEO
Tərtər, 17 sentyabr, AZƏRTAC
Tərtər rayonunda tikilən yeni nasos stansiyasının binasında hörgü-suvaq işləri görülür. Tikinti yekunlaşdıqdan sonra bina daxilində quraşdırılacaq nasoslar vasitəsilə kanaldan götürülən su ətrafda yerləşən əkin sahələrinə çatdırılacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bununla sahələrin suvarılmasında yaşanan problem də aradan qalxacaq. Bu vaxta qədər rayonda əkin sahələrinin böyük bir hissəsinin suvarılması yekunlaşıb. Yerdə qalan sahələrdə isə son suvarılma işləri aparılır.
Növbəti ildə əkiləcək kənd təsərrüfatı bitkiləri yeni nasos stansiya vasitəsilə suvarıla biləcək. Bunun üçün stansiyadan kəndə yeni boru xətti də çəkilib. Sarov kənd sakinləri və kənddə əkin aparan fermerlər artıq suvarma problemlərinin aradan qalxdığını bildiriblər.
Tərtər Suvarma Sistemləri İdarəsi 29 min hektardan artıq torpaq sahəsinin suvarılmasını həyata keçirir. Bu sahələr mənbə olaraq İncə çay, Tərtər çay və Qarabağ kanalı vasitəsilə qidalanır. Bu il hər üç su mənbəyi vasitəsilə suvarılan əkin sahələrinin suvarılması mütəşəkkil aparılıb.
İdarə tərəfindən suvarmanın fasiləsiz və itkisiz aparılması üçün 2021-ci ildə torpaq məcralı kanallarda lildən təmizləmə işləri görülüb və bu işlər indi də davam etdirilir. Suvarmanın yekunlaşdığı ərazilərdə isə kanallar kol-kosdan təmizlənir.