TEXNOLOJİ BİZNES İNKUBATORU YARADILACAQ
Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında” 2002-ci il 10 sentyabr tarixli Fərmanı ilə Azərbaycanda innovasiya sahibkarlığı sisteminin formalaşmasının, innovasiya yönümlü təşəbbüslərin fəallaşdırılmasının və bu sahədə səmərəli dövlət köməyi mexanizminin formalaşdırılması zəruriliyi nəzərə alınaraq, Texnoloji Biznes İnkubatorunun (TBİ) yaradılması vəzifəsi qarşıya qoyulmuşdur.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bununla əlaqədar nazirliyin müvafiq qurumları tərəfindən TBİ-nin konsepsiyası və Nizamnaməsinin layihəsi hazırlanmış, hüquq və vəzifələri müəyyənləşdirilmişdir.
TBİ-nin yaradılmasından məqsəd ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyəti olan sahələrdə innovasiya yönümlü sahibkarlığın dəstəklənməsi və onun inkişafına əlverişli şəraitin yaradılması, yeni texnologiya, ixtira, faydalı model, sənaye nümunəsi, elmi-texniki həllərin tətbiqinin təşkili, innovasiya yönümlü işlər - “nou-hau”lar üzrə məlumatların yayılmasında sahibkarlara texniki yardımın göstərilməsi, elm tutumlu istehsal sahələrində sahibkarlığın təşəkkülü və inkişafına maddi-texniki, informasiya, məsləhət, maliyyə və digər sahələrdə kömək göstərilməsi, informasiya sahəsində sahibkarlıq fəaliyyətinin stimullaşdırılması və milli innovasiya potensialından istifadə etməklə yeni texnika və texnologiyanın istehsala tətbiqinin dəstəklənməsidir.
TBİ sahibkarlıq fəaliyyətinə başlayanlara və elmi-texniki sahədə çalışan iş adamlarına innovasiya fəaliyətlərinin həyata keçirilməsi və yeni texnologiya əsasında istehsalın təşkilində çeşidli xidmətlər göstərəcək, icra hakimiyyəti, məşğulluq xidməti orqanları, sahibkarlığa yardım agentlikləri, elmi tədqiqat institutları, ali məktəblər, sənaye və xidmət müəssisələri ilə tərəfdaşlıq münasibətləri quracaqdır.
TBİ-də fəaliyyət göstərəcək müəssisələr müsahibə əsasında seçiləcəkdir.
Texnoloji Biznes İnkubatorunun yaradılması elmi-texniki həllərin və ixtiraların qabaqcıl texnologiyaya çevrilməsində, kiçik və orta sahibkarlığın ixrac yönümlü istehsala cəlb olunmasında və xarici ölkə sahibkarları ilə əməkdaşlıq əlaqələrinin qurulmasında faydalı olacaqdır.