Tovuz, Gəncə və Göyçayda xarici dil müəllimləri yeni imtahan modelinin xüsusiyyətləri barədə məlumatlandırlıb
Bakı, 1 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Tovuz, Gəncə və Göyçay şəhərlərində müvafiq olaraq 182, 365 və 80 xarici dil müəlliminin iştirakı ilə görüşlər təşkil olunub.
DİM-dən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə Şəmkir regional bölməsinin müdiri Faiq Həsənov, Gəncə regional bölməsinin müdiri Nəsimi Məmmədov və Göyçay regional bölməsinin müdiri Elnur Qədirov çıxış edərək bu cür görüşlərin regionlarda təşkilinin vacibliyini vurğulayıb və onların maarifləndirmə baxımından mühüm rol oynadığını bildiriblər.
DİM-in Dövlət dili və xarici dillər şöbəsinin müdiri Könül Hacıyeva çıxışında xarici dil fənləri üzrə qiymətləndirmə sistemində həyata keçirilən yeniliklər, yeni imtahan modelinin əsas xüsusiyyətləri, istifadə olunan qiymətləndirmə meyarları barədə ətraflı məlumat təqdim edib. O, xarici dil fənni üzrə yeni imtahan modelinə daxil edilən yazı tapşırığının xüsusiyyətlərini izah edərək bu istiqamətdə metodiki tövsiyələrini iştirakçıların diqqətinə çatdırıb. Qeyd olunub ki, yenilənmiş imtahan modelinin başlıca məqsədi şagirdlərin reseptiv və produktiv dil bacarıqlarını real ünsiyyət şəraitinə daha yaxın mühitdə obyektiv qiymətləndirməkdir.
Bildirilib ki, yeni imtahan modelinə uyğun olaraq 2027-ci ildən etibarən şagirdlərdən minimum 100 sözdən ibarət qısa mətn yazmaları tələb olunacaq. Bu yenilik onların yazılı ifadə bacarıqlarını, fikirlərini məntiqi və ardıcıl şəkildə təqdim etmə qabiliyyətini, eləcə də dil vasitələrindən istifadə səviyyəsini daha dolğun qiymətləndirməyə imkan verəcək. Sözügedən dəyişiklik tədris prosesində yazı bacarıqlarının formalaşdırılması və inkişafına daha sistemli yanaşılmasını tələb edir.
Görüşlər zamanı Qazax-Tovuz, Gəncə-Daşkəsən, Dağlıq Şirvan və Mil-Muğan iqtisadi rayonlarının 9 və 11-ci sinif şagirdlərinin buraxılış imtahanlarında xarici dil fənni üzrə orta statistik balları da təqdim edilib. Statistik göstəricilərin daha ətraflı təhlili region daxilində ayrı-ayrı rayonların nəticələri arasında müəyyən fərqlərin mövcud olduğunu göstərir. Bununla yanaşı, əldə edilmiş nəticələrin daha da yaxşılaşdırılması üçün metodiki dəstəyin göstərilməsinin zəruri olduğu qeyd edilib.
Tədbir ingilis, rus, alman və fransız dilləri üzrə keçirilən seminarlarla davam edib. DİM-in müvafiq fənlər üzrə kuratorları – Murad Muradov (alman dili), Fatma Ağayeva (fransız dili), İlahə Nəbizadə (ingilis dili), Gülayə Cavadova (ingilis dili) və Xalidə Babaşova (rus dili) çıxış edərək yeni imtahan modelində nəzərdə tutulan dəyişikliklər barədə iştirakçılara ətraflı məlumat veriblər.
Seminarlar çərçivəsində iştirakçılara tətbiq ediləcək modeldəki dəyişikliklər barədə məlumatlar təqdim edilib, dinləmə və oxu mətnlərində istifadə edilən test tapşırıqlarının cavablandırılmasına dair metodiki tövsiyələr verilib, qiymətləndirmə meyarları və yazı tapşırığına dair nümunə cavablar təqdim edilərək ətraflı müzakirə aparılıb. Tədbirin sonunda müəllimlərin sualları cavablandırılıb, iştirakçılar arasında sorğu keçirilib və tətbiq edilən yeniliklərlə bağlı geniş fikir mübadiləsi aparılıb.