TOVUZDA MÜSTƏQİLLİK GÜNÜ QEYD OLUNMUŞDUR
Bu münasibətlə keçirilən yığıncağı rayon icra hakimiyyəti başçısının müavini Nəsib Bağırov açaraq toplantı iştirakçılarını bu tarixi gün münasibətilə təbrik etmişdir.
Sonra rayon icra hakimiyyəti başçısının müavini Niftalı Qasımov 15 il bundan əvvəl, oktyabrın 18-də xalqımızın həyatında böyük tarixi hadisə baş verdiyini bildirmişdir. Ölkəmizdə müstəqilliyin qorunub möhkəmləndirilməsi uğrunda ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərindən söhbət açmışdır. O, Azərbaycan Respublikasının Qafqaz regionundakı dövlətlər arasında liderlik etməsinin məhz Heydər Əliyev zəkasının və uzaqgörənliyinin, apardığı düzgün iqtisadi siyasətin bəhrəsi olduğunu, bu gün onun layiqli davamçısı Prezidentimiz İlham Əliyevin həmin kursu inam və uğurla davam etdirdiyini vurğulamışdır. İlham Əliyevin səriştəli rəhbərliyi sayəsində Azərbaycanın nəinki regionda, hətta beynəlxalq aləmdə özünəməxsus yer tutduğu bildirilmişdir.
Natiq respublikamızın, eləcə də Tovuzun sosial-iqtisadi inkişafında, respublika bölgələrinin sürətlə abadlaşdırılmasında, yeni istehsal sahələrinin açılması sayəsində işsizliyin aradan qaldırılmasında ölkə Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü işlərdən danışmışdır.
Digər çıxış edənlər də respublikamızda əldə olunan nailiyyətləri rayonun timsalında daha aydın gördüklərini, qazanılan bütün uğurların Prezidentimizin qayğısı və diqqəti sayəsində əldə olunduğunu qeyd etmişlər.