Trasa girən şəxslərə F1 Qran-Prisinə gəlmək ömürlük qadağan edilə bilər
Bakı, 19 aprel, AZƏRTAC
Formula 1 Avstraliya Qran-Prisi zamanı trasa girən altı azarkeşin gələcəkdə yürüşlərə gəlməsi qadağan edilə bilər.
AZƏRTAC xəbər verir ki, bazar günü Melburnda azarkeşlər maşınların pit-leynə qayıtmasından əvvəl trasa girə biliblər. Bəzi tamaşaçıların çəpərləri aşması və dar keçidlərdən trasa daxil olması faktları müşahidə edilib. Avstraliya Qran-Prisinin altı təxribatçısı üçün isə bu yürüş sonuncu ola bilər.
Avstraliya Qran-Prisinin baş əməliyyat meneceri Tom Mottram “The Age” portalına müsahibəsində bu qadağaları şərh edərkən deyib: “Biz iri idman tədbirləri, o cümlədən Qran-Pri haqqında qanunun müddəalarına əsasən, Viktoriya polisi ilə birlikdə malik olduğumuz səlahiyyətləri öyrənəcəyik.
Trasa keçid açılan kimi, təəssüf ki, biz situasiyaya nəzarət etmək məcburiyyətində qaldıq. Lakin biz hamıdan əvvəl trasa girən beş və ya altı şəxsi müəyyən etmişik və onlarla söhbət aparmaq istəyirik. Biz heç vaxt bu cür hərəkətləri qəbul etmək və ya onlara dözmək niyyətində deyilik və insanlar başa düşməlidir ki, belə hərəkətlər zamanı çox təhlükəli vəziyyət yarana bilər.
Biz onların motivlərini aydınlaşdırmaq, həmçinin bu şəxslərin hər hansı pis niyyətlərinin olmasını, yaxud təsadüfən həmin vəziyyətə düşməsinin səbəblərini öyrənmək istəyirik. Ancaq mən onlarla danışmazdan əvvəl tez nəticə çıxarmaq da istəmirəm”.