SİYASƏT
Türkiyə-Azərbaycan birliyi bu gün regionda sabitləşdirici amildir - Politoloq
![Türkiyə-Azərbaycan birliyi bu gün regionda sabitləşdirici amildir - Politoloq](/files/2023/2/1200x630/16839816662444023574_1200x630.jpg)
Bakı, 13 may, AZƏRTAC
Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətləri daimidir. Bu istiqamətdə ölkəmizin vətəndaş cəmiyyətlərinin, beyin mərkəzlərinin, QHT-lərinin üzərinə çox böyük iş düşür. Çünki xalqlar və cəmiyyətlər arasında ikitərəfli münasibətlərin inkişafı çoxşaxəli strateji əhəmiyyət daşıyır. Əlaqələrin məqsədyönlü və sistemli olması üçün bütün sahələrdə dialoqa ehtiyac var. Son zamanlar Azərbaycanın nümayəndə heyətinin qardaş ölkəyə səfərləri iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafına səbəb olur. Türkiyə və Azərbaycan bir-biriləri üçün çox vacib ölkələrdir. Çünki güclü Türkiyə elə güclü Azərbaycan deməkdir. Eyni zamanda, ölkəmizin gücü də qardaş ölkənin gücüdür.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasının müşaviri politoloq Zaur Məmmədov söyləyib.
Politoloqun sözlərinə görə, son 100 ilə nəzər salsaq görərik ki, Türkiyə dünya səviyyəli bir dövlətə çevrilib. Belə ki, Türkiyə Osmanlı imperiyasından sonra bu gün dünya siyasətində, müxtəlif regionlardakı proseslərdə və baş verən münaqişələrdə əhəmiyyətli, sözü eşidilən gücə çevrilib. Məlumdur ki, Türkiyə ilə Bolqarıstan arasında təbii qaz nəqlinə dair anlaşma imzalanıb. Anlaşmaya əsasən, Türkiyə Bolqarıstanı hər il 1,5 milyard kubmetr olmaqla, 13 il təbii qazla təmin edəcək. İmzalanan bu anlaşma Bolqarıstan başda olmaqla, Avropanın qazla təchizatına yardım edəcək.
“Trans-Adriatik (TAP) və Trans-Anadolu (TANAP) boru kəmərləri Azərbaycan qazının Avropaya çatdırılmasında mühüm rol oynayan Türkiyənin çoxşaxəli siyasətinin tərkib hissəsidir. Beləliklə, Azərbaycan və Türkiyə hazırda Avrasiyada dəyişən geoiqtisadi nəqliyyat- kommunikasiya konfiqurasiyası fonunda vacib əhəmiyyətli enerji tədarükçülərinə, həm də hab rolunu oynayan beynəlxalq subyektlərə çevrilir. Bu, əlbəttə ki, Azərbaycan və Türkiyənin dünyada artan nüfuzunun nəticəsidir”, - deyə Z.Məmmədov vurğulayıb.
O əlavə edib ki, türk dövlətləri tarixində bəlkə də ilk dəfədir xalqların birləşməsi, onların çağırışlara qarşı birgə mübarizə aparması üçün böyük proseslərə başlanılıb. Azərbaycan və Türkiyə Türk Dövlətləri Təşkilatının (TDT) bugünkü vəziyyətə gəlməsində, qurumdakı ölkələrin sayının çoxalmasında önəmli rol oynayıb. Həmçinin quruma üzv ölkələrin hərbi və təhlükəsizlik sahəsi üzrə inteqrasiyasına nail olub.
Politoloq, həmçinin bildirib: “Biz bu gün dəyişən beynəlxalq münasibətlər sistemindən danışırıqsa, dünyada türk dövlətlərinin yekdil və sistematik addımlar atdığını görə bilərik. Sözsüz ki, bu, Bakı ilə Ankara arasında uzunmüddətli strateji qərarlara əsaslanan siyasətin nəticəsidir. İki dövlət arasındakı münasibətləri digərlərindən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, Azərbaycanla Türkiyə hansısa regional, yaxud beynəlxalq qütblərə, aktorlara qaşı birləşməyib. Əksinə, iki ölkənin birliyi regional mərkəzlərin bir-birinə daha sıx şəkildə inteqrasiya olunmasına, birgə layihələrin həyata keçirilməsinə istiqamətlənib. Bunu hər kəs bilməlidir ki, Azərbaycan-Türkiyə müttəfiqliyi Cənubi Qafqazda olan digər dövlətləri narahat etməməlidir. Türkiyə-Azərbaycan birliyi bu gün regionda sabitləşdirici amil rolunu oynayır.