TÜRKİYƏ PREZİDENTİ TERRORİZMLƏ MÜBARİZƏ TƏDBİRLƏRİNİ SƏRTLƏŞDİRƏN YENİ QANUNU TƏSDİQLƏMİŞDİR
Qanun KİV-lərin fəaliyyətini də xeyli məhdudlaşdırır.
Sənəddə deyilir ki, “zorakılığa və quldurluğa əl atan terrorçu qruplaşmaların rəhbərləri və üzvləri Cinayət Məcəlləsinin silahlı təşkilatlar haqqında maddələri əsasında məhkəməyə cəlb olunacaqlar. Konstitusiya qaydasını zor gücünə dəyişdirmək, ölkənin birliyini və bütövlüyünü sarsıtmaq cəhdləri ağır cinayətlər sırasına daxildir. Belə cinayət törədənlərə uzun müddətə həbs cəzası kəsiləcəkdir. Terroru təbliğ edən - o cümlədən KİV-lərdə - şəxslər bir ildən beş ilədək və daha artıq müddətə həbs olunacaqlar. Zorakılığa təhrik edən materialları verən mətbu orqanlar bağlanacaqdır. Terrorçu təşkilatların bəyanatlarının dərcinə görə məsuliyyət daşıyanlar üç il müddətinədək azadlıqdan məhrum ediləcəklər.
Qanunda terrorçu təşkilatları maliyyələşdirən şəxslər üçün cinayət məsuliyyəti nəzərdə tutulur. Bundan başqa, ekstremist qruplaşmaların emblemlərini gəzdirən və onların şüarlarını yayan şəxslər məhkəmə yolu ilə təqib olunacaqlar.
Yeni qanun antiterror əməliyyatı aparılarkən şübhəli şəxslər müqavimət göstərərsə və ya tabe olmaqdan imtina edərsə, təhlükəsizlik qüvvələrinin onlara atəş açmasına da icazə verir.