TÜRKİYƏ RESPUBLİKASI BURSA NİLUFƏR BƏLƏDİYYƏSİNİN NÜMAYƏNDƏLƏRİ AZƏRBAYCANDA OLMUŞLAR
Tədbirdə söylənilmişdir ki, Bursa Nilufər bələdiyyəsinin rəhbəri və türk iş adamlarından ibarət nümayəndə heyəti üç gündür ki, Nizami bələdiyyəsinin qonağıdır. Azərbaycana gəlişlərindən məqsəd burada bələdiyyələrin fəaliyyəti ilə tanış olmaq, yeni türk şirkətlərinin qurulması işini reallaşdırmaqdır. Nizami bələdiyyəsinin sədri Nadir İsmayılov bildirmişdir ki, bu ilin avqustunda Türkiyədə səfərdə olarkən qardaşlaşmış Bursa Nilufər və Nizami bələdiyyələri arasında qarşılıqlı əməkdaşlıq protokolu imzalanmışdır. Həmin görüşdə Bursa Nilufər bələdiyyəsinin tabeliyində olan ərazidə Azərbaycan-Türkiyə qardaşlığının rəmzinə çevriləcək parkın salınmasına qərar verilmişdir. 15 min kvadratmetr sahəni əhatə edəcək parkın layihəsi hazırlanmış və işlərə artıq başlanılmışdır. “Türk-Azəri istirahət parkı” adlanan bu məkanda türk dünyasının dahi şəxsiyyətləri - Mustafa Kamal Atatürkün və Heydər Əliyevin büstlərinin qoyulması planlaşdırılmışdır.
Bursa Nilufər bələdiyyəsinin sədri Mustafa Bozbəy Bakıda bələdiyyələrin işi ilə yaxından tanış olduğunu və yeni yaranmasına baxmayaraq, Azərbaycanda bələdiyyələrin uğurlu nəticələr əldə etdiyini bildirmişdir. Respublikamızda türk iş adamlarının fəaliyyəti üçün münbit şəraitin yaradılmasından razı qaldığını söyləyən sədr gələcəkdə bu əməkdaşlığın daha da genişlənəcəyinə ümid etdiyini bildirmişdir. Bu məqsədlə İqtisadi İnkişaf Nazirliyində və Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətində (TÜSİAB) görüşlər keçirilmiş, danışıqlar aparılmışdır. Natiq söyləmişdir ki, hazırda Azərbaycanda 240 türk şirkəti fəaliyyət göstərir ki, onlar da əsasən sənaye, telekommunikasiya, tikinti, təhsil, səhiyyə, nəqliyyat və digər sahələrdə çalışırlar. Burada fəaliyyət göstərən türk şirkətlərində 40 minə yaxın yerli vətəndaş işlə təmin olunmuşdur.
Sonra jurnalistləri maraqlandıran suallara cavab verilmişdir.