TÜRKİYƏ RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB RƏCƏB TAYYİB ƏRDOĞANA
Əziz dostum, qardaşım,
Türkiyə Respublikasının milli bayramı - Respublika günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu gün Atatürk yolu ilə inamla irəliləyən Türkiyə dünya birliyinin nüfuzlu bir üzvü kimi beynəlxalq həyatda fəal iştirak edir, ardıcıl şəkildə öz mövqeyini yeridir.
Əminəm ki, xalqlarımızın sarsılmaz dostluğundan və qardaşlığından qaynaqlanan dövlətlərarası münasibətlərimiz, müttəfiqliyimiz qarşılıqlı iradə və səylərimiz sayəsində daim yaşayacaq və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, səadət, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 15 oktyabr 2004-cü il.