İQTİSADİYYAT
Türkiyə yeni nəsil avtomobillərin istehsalı ilə bazarda mövqeyini formalaşdıracaq - ekspert
![Türkiyə yeni nəsil avtomobillərin istehsalı ilə bazarda mövqeyini formalaşdıracaq - ekspert](/files/2023/1/1200x630/16808591522475626296_1200x630.jpg)
Bakı, 7 aprel, AZƏRTAC
Avtomobil istehsalçısı olan ölkələrin xəritəsinə baxanda müşahidə edirik ki, əksəriyyəti güclü iqtisadiyyata malikdir. Avtomobil sənayesi yalnız avtomobil satışı demək deyil. Həmçinin çox böyük klaster yaradır, yardımçı təsərrüfatlar, xidmət sahələri formalaşdırır və böyük bir istehsalın yaranmasına gətirib çıxarır. Müasir avtomobillər həm də müasir texnologiyalar nəticəsində ərsəyə gəlir. Bu baxımdan avtomobil sənayesi böyük iqtisadiyyat yaradır, əhalini məşğulluqla təmin edir, elmi-texniki tərəqqiyə yardımçı olur. Türkiyə də iddialı ölkələr sırasındadır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli söyləyib.
Ekspert vurğulayıb ki, Türkiyə həm hərbi sənayedə, həm də avtomobil sənayesində son 20 ildə böyük uğurlar əldə edib. “Togg” avtomobilinin artıq 22 mindən çox sifarişi formalaşıb və bu say sürətlə artmaqdadır. Türkiyə il ərzində 175 min avtomobilin istehsalını nəzərdə tutur. 2030-cu ilə qədər isə həcmin 1 milyona çatdırılması planlaşdırılır. Bu, olduqca böyük nəticədir, Türkiyənin iqtisadi inkişafının göstəricisidir.
“Türkiyə yeni nəsil avtomobillərin istehsalı ilə bazarda mövqeyini formalaşdıracaq. Bu da Türkiyənin dayanıqlı iqtisadiyyatı üçün yaxşı imkanlar, ölkənin iqtisadiyyatının güclənməsi deməkdir. Təbii ki, Türkiyə iqtisadiyyatının güclənməsininin bu və digər faydaları Azərbaycana da yeni imkanlar açır. Qardaş ölkənin uğur qazanması sonradan bu bilik və üsulların Azərbaycana daha rahat idxalına imkan verəcək”,- deyə Xalid Kərimli qeyd edib.