Türkiyədə təlimi uğurla başa vuran gənc alimlər sertifikatla təltif ediliblər
Bakı, 7 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun gənc alimləri Tarıverdi İslamzadə və Dəyanət Baxışov Türkiyənin Samsun şəhərində yerləşən Ondokuz Mayıs Universitetində ezamiyyətdə olublar.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, iki müəssisə arasında imzalanmış müqavilə əsasında institutun əməkdaşları universitetin “Əkinçilik fakültəsi torpaqşünaslıq və bitki qidalanması” bölməsində təşkil olunan “Əsas torpaq analizinin tətbiqi üsulları” mövzusunda təlim proqramında iştirak ediblər. Gənc alimlər tədris müddətində müasir və beynəlxalq torpaq analizi metodları ilə tanış olaraq bilik və bacarıqlarını təkmilləşdiriblər. Həmçinin onlar Qara dəniz Əkinçilik Elmi-Tədqiqat İnstitutunun müdirliyində fermerlərin iş prinsipləri barədə məlumatlandırılıb. Gənc alimlər qurumun Torpaq analizi laboratoriyasında torpaq analizləri və müasir ICP cihazının işləmə prinsipləri ilə tanış olublar.
Təlimi uğurla başa vuraraq sertifikatla təltif edilən Tarıverdi İslamzadə və Dəyanət Baxışov Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyevlə görüşüblər. Alim gənclərin inkişafında belə təlimlərin mühüm rol oynadığını qeyd edib və onlara tövsiyələrini verib.