TÜRKİYƏNİN BAŞ NAZİRİ ABŞ-IN ANKARADAKI SƏFİRİNİN KÜRD PROBLEMİ BARƏDƏ BƏYANATINI TƏNQİD ETMİŞDİR
Si-En-En-Türk telekanalının yaydığı məlumata görə, Uilson jurnalistlərə müsahibəsində bildirmişdir ki, “Türkiyə silahlı qüvvələrinin Kürd İşçi Partiyası (PKK) yaraqlılarının bazalarını məhv etmək üçün İraqla sərhəd yaxınlığında mümkün əməliyyatı məntiqi deyildir”. O, həmçinin qeyd etmişdir ki, “ABŞ kürd ekstremizmi ilə regional səviyyədə mübarizədə Türkiyənin birtərəfli addımlarını alqışlamır”.
Ərdoğan bəyan etmişdir ki, “ölkədə sabitliyi sarsıda biləcək proseslər barəsində müşahidəçi olmaq Türkiyə üçün məqbul deyildir”. Baş nazir vurğulamışdır: “Səfirin bəyanatı qətiyyən düzgün deyildir. Bu cür məsələlərə dair qərar qəbul etməyə nə cənab səfirin, nə də digər diplomatik nümayəndəliklərin başçılarının ixtiyarı vardır. Qərarı Türkiyə Respublikasının hökuməti qəbul edir”.
Ərdoğan bildirmişdir: “Əgər həmin problemdə - kürd yaraqlıları ilə mübarizədə maraqlı olan ölkələr varsa, biz onları bu məsələləri birlikdə həll etməyə çağırırıq. Əgər belə ölkələr yoxdursa, onda bütün lazımi tədbirləri biz özümüz görəcəyik”.
İyulun 18-də Ankara Silahlı Qüvvələri bölmələrini PKK yaraqlılarının Türkiyə ərazisinə soxula biləcəkləri İraq və İranla sərhəd bölgələrinə göndərməyə başlamışdır. Hərbçilərə PKK yaraqlılarının ölkə ərazisinə soxulmaq cəhdlərinin qarşısını almaq göstərişi verilmişdir. Bir gün əvvəl ədliyyə naziri Cəmil Çiçək Türkiyə qoşunlarının həmsərhəd dövlətin ərazisində antiterror əməliyyatı aparacağını istisna etməmişdir.