İQTİSADİYYAT
Türkiyənin elektrik avtomobili sahəsində uğuru ölkəmizdə sənayenin inkişafına da müsbət təsir göstərəcək
Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycan-Türkiyə arasında əməkdaşlıq bütün sahələrdə intensiv inkişafla irəliləyir.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib.
Qeyd edib ki, texnoloji yeniliklər üzrə dünya yarışında qardaş Türkiyənin söz sahiblərindən birinə çevrilməsi bütün türk dövlətləri, xüsusən də Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır.
Türkiyə istehsalı olan, pilotsuz uçuş aparatları üzrə dünya brendinə çevrilmiş “Baykar”ın Azərbaycanda rəsmən fəaliyyətə başlaması bu nümunələrdən biridir. Onun fikrincə, Türkiyənin elektrik avtomobili sahəsində uğurlu bir məhsulla bazara daxil olması Azərbaycanda sənayenin inkişafına da müsbət təsir göstərəcək.
“Türkiyənin avtomobil istehsalına başlaması bizim üçün də üstünlükdür. Avtomobil sənayesi iqtisadiyyatın lokomotiv sahələrindən biri olduğu üçün müxtəlif yan təsirləri böyükdür. Avtomobil sənayesində istifadə olunan daha çox neft-kimya sənayesi məhsullarıdır. Qardaş Türkiyənin avtomobil istehsalındakı bu uğuru imkan verəcək ki, avtomobilin yığılmasında, detalların hazırlanmasında Azərbaycan da iştirakçı qismində iştirak etsin”, - deyə Məmməd Musayev söyləyib.
Onun sözlərinə görə, 2023-cü il martın 29-dan Azərbaycana istehsalı 10 ildən artıq olan maşınların gətirilməsinə qadağa qoyulub. Həmçinin Azərbaycanda elektrik avtomobillərinə gömrük rüsumu və əlavə dəyər vergisi ləğv edilib. Bu isə “Togg” avtomobillərinin Azərbaycanda daha uyğun qiymətə satışını təmin etməyə, eləcə də ölkənin ekoloji cəhətdən təmiz avtomobillərlə təminatına, avtomobil parkının yenilənməsinə imkan yaradacaq.
“Türkiyədəki bu yenilikçi texnoloji transfer düşünürəm ki, artan iqtisadi əlaqələrimiz fonunda Azərbaycanda da texnoloji transferlərə səbəb olacaq”, - deyə M.Musayev vurğulayıb.