Türkiyənin nüfuzlu “HaberTürk” qəzetində 20 Yanvar faciəsi haqqında yazı dərc olunmuşdur
Ankara, 20 yanvar (AZƏRTAC). Türkiyənin nüfuzlu “HaberTürk” qəzetində Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovun 20 Yanvar faciəsi haqqında “Bakı qətliamını anarkən” başlıqlı məqaləsi dərc olunmuşdur.
Məqalədə qeyd olunur ki, 1990-cı il 20 Yanvar gününün Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri vardır. Bu gün tarix boyu müxtəlif səbəblərdən süqut edib yenidən qurulan Azərbaycan dövlətlərinin sonuncusu - Azərbaycan Respublikasının qurulmasına aparan yolu açmışdır. 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının süqutu ilə müstəqilliyini itirən xalqımız 1991-ci ildə Azərbaycan Respublikasının elan olunması ilə suverenliyini bərpa etmişdir.
Müəllif keçən əsrin 80-ci illərinin sonunda SSRİ rəhbərliyinin Azərbaycana münasibətdə ikili standartlar siyasəti yürütdüyünü, dahi siyasətçi, ulu öndər Heydər Əliyevin təzyiqlərə məruz qalaraq istefaya məcbur edilməsinin, Mixail Qorbaçovun ermənipərəst siyasətinin və Azərbaycan torpaqlarına qarşı təcavüzün xalqımız əleyhinə hazırlanmış məkrli planın tərkib hissəsi olduğunu qeyd bildirmişdir. Qeyd etmişdir ki, bütün bu hadisələrin fonunda Moskvanın Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərara biganə qalması, azərbaycanlıların silahlanmasına imkan verilməməsi, Ə.Vəzirov kimi xalqına qənim kəsilmiş insanın respublika rəhbərliyinə gətirilməsi 20 Yanvar hadisələrinin baş verməsinə zəmin hazırlamışdır.
Məqalədə xalqımızın ümummilli lideri Heydər Əliyevin həyatını təhlükəyə ataraq bu dövlət terroruna qarşı Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməsi və Mixail Qorbaçov başda olmaqla həmin dövrün bütün rəhbərlərinin insanlıqdan kənar qərarlarını kəskin şəkildə ifşa etməsi vurğulanır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara