ELM VƏ TƏHSİL
ÜƏMT rəsmisi: Əqli mülkiyyət hüquqlarının qorunması yaradıcı sənaye üçün olduqca vacibdir
Bakı, 2 dekabr, AZƏRTAC
Bu gün əsas məsələlərdən biri iqtisadiyyatın şaxələndirilməsidir. Eyni zamanda, biz iqtisadi baxımdan qeyri-sabit dövrdə yaşayırıq. Digər tərəfdən, hər kəs əlində olan resursları optimallaşdırmağa çalışır. Bunlardan biri də yaradıcılıqdır, kreativlikdir.
AZƏRTAC xəbər verir ki, bunu dekabrın 2-də Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) departament direktorunun müavini, böyük menecer Dimiter Qançev “Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda regional seminarda söyləyib.
ÜƏMT rəsmisi bildirib ki, kreativlik özü-özlüyündə iqtisadi inkişaf yaratmır. Bunun üçün mühit olmalıdır. Həmçinin bir mexanizm olmalıdır ki, kiçik şirkətlər, böyük şirkətlər öz məhsullarını bazara çıxara bilsinlər. Əsas mexanizmlərdən biri də əqli mülkiyyət hüquqlarının qorunmasıdır. Bunun vasitəsilə yaradıcılıq məhsulları bazara çıxarıla bilər və bundan iqtisadi dəyər əldə edilə bilər. Bu səbəbdən müəllif hüquqlarının və əqli mülkiyyət hüquqlarının qorunması yaradıcı sənaye üçün olduqca vacibdir.
D.Qançev qeyd edib ki, ÜƏMT 20 il əvvəl kreativ sənayenin iqtisadiyyata töhfəsini ölçən metodologiya hazırlayıb. Bunun da əsası müəllif hüququnun qorunmasıdır. Bu, çox önəmli və aydın meyarlardan biridir. Bu metodologiyanı 65 ölkə, o cümlədən Azərbaycan qəbul edib.
“Ümumi daxili məhsulda (ÜDM) kreativ sektorun rolu güclənir. Metodologiyanı tətbiq etdik və anladıq ki, bu, tam şəraiti bizə demir. Bu, təkcə ÜDM və iş yerləri ilə bağlı deyil. Bunun sosial və mədəni təsirləri də var. Yaradıcılıq bir vakuumda fəaliyyət göstərmir. Bunun üçün müvafiq ekosistem olmalıdır ki, bu sahə genişlənsin və inkişaf etsin. İki gün ərzində regional seminarda biz növbəti addımları müzakirə edəcəyik. Məsələn, biz o ekosistemi necə görmək istəyirik ki, yaradıcılıq inkişaf edə bilsin, bunun üçün parametrlər necə olmalıdır. Biz inanırıq ki, yeni model vasitəsilə biz bir nümunə təqdim edə bilərik.
Azərbaycan bu layihəni ilk tətbiq etdiyimiz ölkələrdən biridir. Biz gələn il modelin icrasının nəticələrini açıqlayacağıq”, - deyə ÜƏMT rəsmisi bildirib.
Xatırladaq ki, ikigünlük seminar Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən birgə keçirilir.