Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Kiyevdə 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır
Bakı, 20 yanvar (AZƏRTAC). Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) təşkilatçılığı ilə Kiyevdə 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır.
UAK-dan AZƏRTAC-a bildirmişlər ki, Ukraynada yaşayan bir sıra xalqların diaspor təşkilatlarının rəhbərlərinin və media nümayəndələrinin qatıldığı mərasimdə Azərbaycanın bu ölkədəki səfiri Eynulla Mədətli çıxış edərək 23 il bundan əvvəl canlarını dövlətimizin müstəqilliyimi yolunda fəda etmiş oğul və qızlarımızın qəhrəmanlıq şücaətindən danışmışdır. 20 Yanvar faciəsini totalitar sovet rejiminin Azərbaycana qarşı həyata keçirdiyi bəşəri cinayət adlandıran səfir bu tarixi xalqımızın qəhrəmanlıq və şərəf salnaməsi adlandırmışdır.
UAK-ın rəhbəri Rövşən Tağıyev, diasporumuzun fəalları Vilayət Quliyev, Əbülfəz Qasımov, Azərbaycan diasporunun ağsaqqallar şurasının sədri Firudin Məmmədov, Bakı Slavyan Universitetinin Kiyev Linqvistik İnstitutundakı Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin rəhbəri, professor Rafiq Novruzov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov və digərləri çıxışlarında qanlı 20 Yanvar faciəsinin əsl günahkarı olan Mixail Qorbaçovun beynəlxalq məhkəmə qarşısında cavab verməsinin vacibliyini vurğulamışlar. Natiqlər xalqımızın haqq səsinin boğulduğu bir zamanda Azərbaycanın Rusiyadakı daimi nümayəndəliyinə gələrək sovet rejiminin törətdiyi bəşəri cinayətin dünya ictimaiyyətinə çatdırılmasında ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışmışlar. Çıxışlarda Azərbaycanın dövlət müstəqilliyi uğrunda canlarından keçən qəhrəman oğul və qızlarımızın xatirəsinin heç zaman unudulmayacağı, bu faciənin gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olduğu vurğulanmışdır.
Ukrayna Yəhudilər Forumunun prezidenti Arkadi Manastrski və digər ictimai təşkilatların rəhbərləri aradan 23 il ötməsinə baxmayaraq, 20 Yanvar faciəsini törədənlərin hələ də cinayət məsuliyyətinə cəlb edilməməsini tarixi ədalətsizlik kimi qiymətləndirmişlər.
Sonra sovet ordusunun 1990-cı ilin 20 yanvar gecəsində Bakıda törətdiyi qanlı faciə ilə bağlı sənədli film nümayiş etdirilmişdir.