Ukrayna Prezidenti adından həmvətənimizə dövlət təltifini Kiyev Şəhər Dövlət Administrasiyasının sədri təqdim etmişdir
Kiyev, 19 sentyabr (AZƏRTAC). AZƏRTAC-ın artıq xəbər verdiyi kimi, Ukrayna Prezidentinin Fərmanı ilə ölkədə dövlət quruculuğu, sosial-iqtisadi, elmi-texniki, mədəni və təhsil baxımından inkişaf işinə verdiyi mühüm töhfələrə, sanballı əmək nailiyyətlərinə və yüksək peşəkarlığına görə Arif Cəmil oğlu Quliyevə “Ukraynanın Əməkdar Təhsil İşçisi” fəxri adı verilmişdir.
Həmvətənimiz Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq kafedrasının professoru, “Xalq Diplomatiyası İnstitutu” ictimai təşkilatının idarə heyətinin rəhbəri, “Azərbaycançılıq İnstitutu” beynəlxalq ictimai təşkilatının və “Ukrayna Azərbaycanlılarının Elmi Şurası” ictimai təşkilatının həmtəsisçisi, Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) sədrinin müavinidir.
“Ukraynanın Əməkdar Təhsil İşçisi” şəhadətnaməsi Arif Quliyevə bu günlərdə Ukrayna paytaxtında təntənəli şəraitdə təqdim edilmişdir.
Həmvətənimizə dövlət təltifini Ukraynanın Kiyev Şəhər Dövlət Administrasiyasının sədri Aleksandr Popov təqdim etmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev