SİYASƏT
Ukraynada “Dnepropetrovsk vilayəti azərbaycanlıları: tarix və müasirlik” kitabının təqdimatı olmuşdur
Bakı, 1 mart (AZƏRTAC). Azərbaycanın Ukraynadakı səfirliyində AZƏRTAC-a bildirmişlər ki, səfir Eynulla Mədətli Dnepropetrovsk Vilayət Dövlət Administrasiyasının sədri Aleksandr Vilkulun dəvəti ilə bu şəhərdə işgüzar səfərdə olmuşdur.
Səfər zamanı diplomat Azərbaycanın və Ukraynanın dövlət bayraqları ilə bəzədilmiş Dnepropetrovsk filarmoniyasında “Dnepropetrovsk vilayəti azərbaycanlıları: tarix və müasirlik” kitabının təqdimatında iştirak etmişdir.
Kitab Ukraynanın bu regionuna vilayət statusu verilməsinin 80 illiyi münasibətilə Dnepropetrovsk Vilayət Dövlət Administrasiyasının sədri Aleksandr Vilkulun himayəsi altında həyata keçirilən “Dnepropetrovsk vilayətinin milli mədəniyyətləri” layihəsi çərçivəsində çap edilmişdir.
Qubernator A. Vilkul təqdimat mərasimindəki çıxışında Dnepropetrovsk vilayətində yaşayan azərbaycanlıların vilayətin həyatının iqtisadi, ictimai-siyasi və mədəni sahələrinin inkişafında və möhkəmlənməsində xüsusi rolunu vurğulamış, fəaliyyətlərini yüksək qiymətləndirmişdir.
Qubernator yeni nəşrin bir nüsxəsini təntənəli şəraitdə Azərbaycan səfirinə təqdim etmişdir.
Diplomat da öz növbəsində Dnepropetrovsk vilayətində yaşayan 15 minlik Azərbaycan diasporunun dəstəklənməsinə görə A. Vilkula təşəkkürünü bildirərək qeyd etmişdir ki, xalqlarımızın dostluğu, mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsi, müştərək iqtisadi layihələrin həyata keçirilməsi ölkələrimizin gələcək inkişafının tərkib hissələridir.
Kitabın təqdimat mərasimində Ukrayna Azərbaycan Konqresinin (UAK) sədri Akif Gülməmmədov, UAK-ın Dnepropetrovsk regional təşkilatının rəhbəri Qüdrət Hacıyev, Dnepropetrovsk Vilayət Sovetinin deputatı Fəxrəddin Muxtarov, Dnepropetrovsk merinin müşaviri Hafiz Aslanov çıxış etmişlər.
Tədbir Azərbaycan diasporunun özfəaliyyət artistlərinin konserti ilə başa çatmışdır.
Elə həmin gün axşam təşkil edilmiş təntənəli qəbulda səfir Dnepropetrovsk qubernatorunu aprel ayında Azərbaycana səfərə dəvət etmişdir. Qubernator bu dəvəti məmnuniyyətlə qəbul etmişdir.
Zeynal Ağazadə
AZƏRTAC -ın xüsusi müxbiri
Kiyev