SİYASƏT
Ukraynadakı həmvətənlərimiz Azərbaycan Prezidenti seçkilərində fəal iştirak edirlər
Kiyev, 9 oktyabr (AZƏRTAC). AZƏRTAC-ın artıq xəbər verdiyi kimi, 17 saylı Yasamal üçüncü seçki dairəsinin Azərbaycanın Ukraynadakı səfirliyində yaradılmış 43 saylı seçki məntəqəsi bu gün nəzərdə tutulan vaxtda açılmışdır. Burada Azərbaycan vətəndaşlarının öz iradələrini demokratik, azad və şəffaf şəkildə ifadə etmələri üçün hər cür şərait yaradılmışdır.
Həmvətənlərimiz seçki prosesində yüksək fəallıq göstərir. Onların çoxunu, o cümlədən Ukraynanın müxtəlif regionlarından seçki məntəqəsinə məxsusi bu məqsədlə icarəyə götürülmüş avtobuslarla gətirirlər. Çoxyerli avtobuslardan birini Ukrayna-Azərbaycan Beynəlxalq Xeyriyyə Fondunun prezidenti İlqar Abbasov təqdim etmişdir. O özü də bu məntəqədə səs vermişdir.
Öz konstitusiya hüququndan istifadə etmiş həmvətənlərimiz arasında Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov, ölkəmizin Kiyevdəki sabiq səfiri Tələt Əliyev, hüquq elmləri doktoru, Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq kafedrasının professoru, “Xalq diplomatiyası institutu” ictimai təşkilatının idarə heyətinin sədri, Ukraynanın əməkdar təhsil işçisi Arif Quliyev, Ukraynadakı Azərbaycanlı Gənclər İttifaqının sədri Anar Tahirov və bir sıra başqaları vardır. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Ukraynadakı nümayəndəsi Yaşar Əmirov, ARDNŞ-nın Kiyev ofisinin top-menecerləri də səs vermişlər.
Məntəqə seçki komissiyasının sədri, səfirliyin müşaviri Nazim Əliyev AZƏRTAC-a bildirmişdir ki, Kiyev vaxtı ilə saat 12-yə (Bakı vaxtı ilə saat 14-ə) qədər 210 seçici səs vermişdir.
MDB Parlamentlərarası Assambleyasının nümayəndələri Anatoli Kolos və Oksana Beletskaya məntəqədə müşahidəçi kimi iştirak edirlər.
Azərbaycan və Ukraynanın mətbu və elektron KİV-lərinin seçkilərdə akkreditə edilmiş nümayəndələri də buradadır.
Səsvermə davam edir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev