Ukraynalı qonaq: Avropanın heç bir ölkəsində bizə belə isti münasibət göstərməyiblər
Şəki, 18 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Səkkizinci gündür ki, Azərbaycandayıq. Paytaxt Bakı bizim çox xoşumuza gəldi. Biz bu gözəl şəhərdə 6 gün olduq. Bakının qədim hissəsi – İçərişəhər uşaqların xüsusilə xoşuna gəldi. Hamı çox razıdır. Bizim tərəflərlə müqayisədə ölkənizdə hava çox istidir. Ona görə də belə havaya öyrəşmək bizim üçün bir az çətin oldu. Şəki isə bizim Krıma çox bənzəyir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Azərbaycana gətirilərək reabilitasiya tədbirlərinə cəlb edilən Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqlardan ibarət qrupun rəhbəri Yulia Xolodniak söyləyib.
Səfərin təşkilatçıları tərəfindən onlara böyük diqqət göstərildiyini vurğulayan ukraynalı qonaq deyib: “İndiyədək bizi heç bir yerdə belə isti qarşılamayıblar. Düz sözümdür. Üç ildir ki, Avropa ölkələrində də oluruq. Burada bizə olan münasibətə heç bir yerdə rast gəlmədik. Bu sözləri ürəkdən deyirəm. İnsanlarınız çox mehribandırlar. Sadə insanların bizə olan isti münasibətindən çox razıyıq. Küçədə uşaqlar bizi görəndə “Yaşasın Ukrayna” deyə qışqırırlar. Hiss edirik ki, bu, ürəkdən gəlir. Səkkiz gündür ki, uşaqlar rahat yatırlar. Hər gün başımızın üstündən uçan təyyarələrin, raketlərin səsini eşitmirlər”.
Söhbətə qoşulan digər qrup rəhbəri Natalia Untila isə deyib: “Bu səfər uşaqların yaddaşında həmişə xoş xatirə kimi qalacaq. Belə çətin bir dövrdə bu səfər uşaqlar üçün çox vacib idi”.