Ukraynanın səhiyyə naziri “Medinex 2025” sərgisini ziyarət edib
Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycanda səfərdə olan Ukraynanın səhiyyə naziri Viktor Lyaşko “Medinex 2025” sərgisini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, ukraynalı nazir ekspozisiyalarla tanış olub, Ukraynanın milli stendinə baş çəkib və “Dialoqdan əməkdaşlığa: Ukrayna və Azərbaycanda farmasevtika imkanları” adlı ikitərəfli əczaçılıq müzakirəsində iştirak edib.
Tədbirdə Ukrayna Səhiyyə Nazirliyinin nümayəndələri, parlament üzvləri və bu ölkənin aparıcı əczaçılıq şirkətlərinin nümayəndələri də iştirak ediblər. Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın perspektivlərini, o cümlədən birgə investisiyaların inkişafını, texnologiya mübadiləsini və Azərbaycan ilə Ukrayna arasında işgüzar əlaqələrin genişləndirilməsini müzakirə ediblər.
“Medinex” sərgisi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə keçirilir.
Tədbirin təşkilatçıları qismində “Caspian Event Organisers”, həmçinin onun beynəlxalq tərəfdaşları – “Caspian Event Management” və “ICA Events” şirkətləri çıxış edirlər. Layihə Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən fəal şəkildə dəstəklənir.
Sərginin rəsmi bankı ölkənin aparıcı korporativ maliyyə qurumu olan “PAŞA Bank”dır.
“Medinex” sərgisi haqqında ətraflı məlumatı www.medinex.az rəsmi saytında və sosial mediada əldə etmək olar.
Bakı Ekspo Mərkəzində keçirilən sərgi noyabrın 1-dək davam edəcək.