Ulu Öndərin 96 illik yubileyinə həsr olunmuş mini futbol çempionatı yekunlaşıb
Bakı, 10 iyun, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş mini futbol çempionatına yekun vurulub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 10-da start verilən turnirdə İqtisadiyyat Nazirliyinin qurumlarının 16 komandası iştirak edib. Bir ayadək davam edən yarışların final görüşündə “Təmiz Şəhər” ASC və “Azərlotereya” ASC komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Azərlotereya” ASC-nin komandası 3-2 hesabı ilə qalib gələrək turnirin qalibi olub. Balaxanı Sənaye Parkının komandası 3-cü, KOBİA komandası isə 4-cü yeri tutub.
Mini futbol çempionatında ilk üç yeri tutan komandalara və fərqlənən idmançılara fəxri fərman və mükafat, turnirin qalibinə isə kubok təqdim edilib.