REGİONLAR
Ulu Öndərin hakimiyyətə qayıdışı ilə tariximizdə yeni bir səhifə açıldı
![](/files/galleryphoto/2023/2/1200x630/16867515774051455972_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1686751577285259871_1200x630.jpg)
Gəncə, 14 iyun, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad olunub.
Sonra Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Çıxış edən universitetin rektoru Yusif Yusibov Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Gününün mahiyyətindən və Ümummilli Lider Heydər Əliyevin xalqımız, dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən ətraflı danışıb. Rektor vurğulayıb ki, xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıdışı Azərbaycan tarixində yeni bir səhifənin açılmasına səbəb oldu. Ulu Öndərin xilaskarlıq missiyası ölkəni məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Azərbaycanda sabitlik yarandı, xalqın dövlətə inamı möhkəmləndi. Məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan qısa müddətdə sürətli inkişaf yoluna qədəm qoydu.
Rektor çıxışında onu da qeyd edib ki, Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib.
Tədbirdə universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva “Xalqın və dövlətin qurtuluş günü”, Ümumi tarix kafedrasının müdiri Etibar Musayevin “Ulu Öndər Heydər Əliyevin şah əsəri - Müstəqil Azərbaycan”, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri Səba Namazovanın “Tariximizin dönüş anı”, Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyevin “Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik konsepsiyası”, Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyevin “Milli Qurtuluş hərəkatının tarixi-siyasi əhəmiyyəti” mövzularında məruzələri dinlənilib.