Ulu Öndərin ömür yolu Vətənə, xalqa xidmət nümunəsidir
İsmayıllı, 8 aprel, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində İsmayıllıda keçirilən silsilə tədbirlərin davamı olaraq, İsmayıllı Rayon İcra Hakimiyyətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Sən elə bir zirvəsən” adlı tədbir təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir dahi rəhbər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva tədbirdə çıxış edərək, Ulu Öndərin ömür yolunun, bioqrafiyasının tariximizin şərəf salnaməsi olduğunu bildirib, xalqın xilası, Vətənin inkişafı və azadlığı yolunda atdığı addımlardan bəhs edib.
Sonra Ulu Öndərin regionlara səfərləri çərçivəsində onunla görüşən bir qrup İsmayıllı sakininin həmin görüşlərdən xatirələri dinlənilib. Şəhid anası Zenfira Zeynalova, rayonun ictimai həyatında fəal iştirak edən şəxslərdən Rüstəm Səmədov, Yaşar Nuriyev, Hafiz Kərimov, Valeh Salehov və Sənubər Qasımovanın xatirələri görüşdə iştirak edən gənclər və ictimaiyyət nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə iştirak edən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq, Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar onun həyat və fəaliyyətinin müxtəlif dövrlərinə həsr olunmuş tədbirlər keçirilir, xatirəsi dərin ehtiramla yad edilir. O, həmçinin Ulu Öndərlə olan görüşlərindən xatirələrini dilə gətirərək bildirib ki, Ulu Öndərin ömür yolu Vətənə, xalqa xidmət nümunəsidir.
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov çıxışında bildirib ki, 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirərək, ölkəmizi məhv olmaq təhlükəsindən qurtarıb. O qeyd edib ki, Ulu Öndər Azərbaycanı dinamik inkişaf edən bir ölkəyə çevirdi.
Tədbirdə Heydər Əliyevin İsmayıllı səfərləri zamanı çəkilən fotoşəkillərdən ibarət videoçarx nümayiş olunub.